Azərbaycan Gürcüstandan avtomobil idxalını 44 % azaldıb

Biznes
  • 21 oktyabr, 2024
  • 12:03
Azərbaycan Gürcüstandan avtomobil idxalını 44 % azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 223,45 milyon ABŞ dolları dəyərində 10 min 207 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 44 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Təkcə sentyabr ayında Gürcüstan Azərbaycana 32,7 milyon ABŞ dolları dəyərində 1 min 75 ədəd avtomobil satıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 % çox və 11 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1 milyard 763 milyon ABŞ dolları dəyərində 78 min 610 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 12,5 % çox və 1 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 838 milyon ABŞ dolları dəyərində 23 min 209 ədəd, Qazaxıstana 551 milyon ABŞ dolları dəyərində 37 min 304 ədəd, Ermənistana 83,6 milyon ABŞ dolları dəyərində 4 min 436 ədəd, Tacikistana 18 milyon ABŞ dolları dəyərində 1 min 104 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.

44 - Tezliklə