Azərbaycan Gürcüstandan avtomobil idxalını 43 % azaldıb

Biznes
  • 23 dekabr, 2024
  • 13:52
Azərbaycan Gürcüstandan avtomobil idxalını 43 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 272 milyon ABŞ dolları dəyərində 12 min 11 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 43 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Təkcə noyabr ayında Gürcüstan Azərbaycana 18,6 milyon ABŞ dolları dəyərində 826 ədəd avtomobil satıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 50 % və 41 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 219 milyon ABŞ dolları dəyərində 97 min 831 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % çox və 0,4 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 1,1 milyard ABŞ dolları dəyərində 31 min 92 ədəd, Qazaxıstana 694 milyon ABŞ dolları dəyərində 45 min 753 ədəd, Ermənistana 94,4 milyon ABŞ dolları dəyərində 4 min 823 ədəd, Tacikistana 22 milyon ABŞ dolları dəyərində 1 min 360 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.

44 - Tezliklə