Azərbaycan Gürcüstandan avtomobil idxalını 40 % azaldıb
- 28 mart, 2024
- 08:11
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 37,1 milyon ABŞ dolları dəyərində 1 min 750 ədəd avtomobil ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 64 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi 35 ölkə sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 263 milyon ABŞ dolları dəyərində 12 min 373 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 11 % çoxdur və 8 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 122,3 milyon ABŞ dolları dəyərində 3 min 345 ədəd, Qazaxıstana 76,4 milyon ABŞ dolları dəyərində 5 min 657 ədəd, Ermənistana 15,7 milyon ABŞ dolları dəyərində 1 min ədəd, Tacikistana 3,7 milyon ABŞ dolları dəyərində 236 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.