Bu gün Azərbaycan Milli Xalça Muzeyində "Mədəni sərvətlərin və saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim keçirilib.
Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Məlumata görə, təlim "Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək, bu sahədə gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq məqsədilə təşkil edilib.
Təlimdən öncə gömrükçülər muzeyin eksponatları ilə yaxından tanış olublar.
Azərbaycan Milli Xalça Muzeyinin eksponatların mühafizəsi üzrə direktor müavini Mira Məmmədxanova təlimin açılışında muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri və nümayiş olunan eksponatlar haqqında geniş məlumat verib. Azərbaycan xalçalarının tarixi, xalçaçılıq məktəbləri, xalq tətbiqi sənəti nümunələri və ona aid əşyalar barədə çıxış edib. Mira Məmmədxanova mədəniyyət sərvətlərinin qanunsuz olaraq ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının qarşısının alınması məqsədilə yaradılan ekspert komissiyalarının fəaliyyəti barədə məlumat verib, eyni zamanda Azərbaycan Milli Xalça Muzeyinin DGK ilə bu istiqamətdə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.
Daha sonra Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizlərinin İdarəolunması şöbəsinin rəisi Vasif Qurbanov çıxış edərək təlimin təşkilinə görə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinə Komitə adından təşəkkürünü bildirib.
Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının və satışının qarşısının alınması, bu sahədə qaçaqmalçılıq halları ilə ciddi mübarizə aparıldığını deyən Vasif Qurbanov keçirilən təlimin gələcəkdə gömrük əməkdaşlarının peşə bacarıqlarının və bilik səviyyəsinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra Dövlət Proqramının icrası ilə bağlı geniş müzakirələr aparılıb, gömrükçüləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Təlim zamanı ekspertlər orijinal Azərbaycan xalçalarının başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyin yolları, eləcə də əl ilə toxunan və sənaye üsulu ilə hazırlanan xalçaların fərqli cəhətləri barədə iştirakçılara məlumat veriblər.
"Mədəni sərvətlərin və saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlimlər mütəmadi olaraq davam edəcək.
Təlimin təşkilati işlərində "Könüllü gömrükçü"lər də iştirak ediblər.