Azərbaycan ESG platformasını COP29 çərçivəsində təqdim edib

Azərbaycan ESG platformasını COP29 çərçivəsində təqdim edib Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə, yəni ESG təcrübələri və təşəbbüsləri üzrə vahid onlayn məkanın – ESGhub.az platformasının ((https://esghub.az/ ) təqdimatı keçirilib.
COP29
16 Noyabr , 2024 13:43
Azərbaycan ESG platformasını COP29 çərçivəsində təqdim edib

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə, yəni ESG təcrübələri və təşəbbüsləri üzrə vahid onlayn məkanın – ESGhub.az platformasının ((https://esghub.az/ ) təqdimatı keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, platforma COP29-un “Mavi Zona”sında “Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma” Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada təqdim olunub.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bildirib: "Bu gün işgüzar dairələr və cəmiyyətlərin dayanıqlı inkişafa və etik dəyərlərə yanaşmasında böyük dəyişikliklərin şahidi oluruq. İqlim dəyişikliyi, sosial bərabərsizlik, dayanıqlı maliyyə, şəffaf idarəetmə ilə bağlı çağırışlar dünyada daha geniş miqyasda qəbul edilir və bu mənada ESG prinsiplərinin və ESG üzrə hesabatlılığın vacibliyi gündən-günə artır. Dövlət-biznes dialoqu çərçivəsində "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azercell Telecom" MMC və digər maraqlı tərəflərin dəstəyi ilə yaradılan ESG Hub Azərbaycan platformasının istifadəyə verilməsi ilə bu çağırışlara cavab vermək hədəflənir".

Təqdimatda qeyd olunub ki, ESG Hub platforması sadəcə təqdim etdiyi çoxşaxəli resurslar vasitəsilə ESG sahəsində məlumatlılığın artırılmasını hədəfləmir, həm də dövlət və özəl sektorun ESG səylərini birləşdirən netvörkinq platforması kimi davamlı və dayanıqlı gələcəyə töhfə vermək missiyası daşıyır. Bu platforma imkan verəcək ki, hər bir təşkilat öz fəaliyyətinə ESG dəyərlərini daxil edə bilsin, uzunmüddətli dayanıqlı inkişafa və gələcək nəsillərə töhfə versin.

Vurğulanıb ki, ESG Hub təşkilatların ESG prinsiplərini gündəlik fəaliyyətlərinə və uzunmüddətli strategiyalarına daxil etmələrini asanlaşdırmaq üçün geniş imkanlar təqdim edir.

Son xəbərlər

Orphus sistemi