Azərbaycan əsas tədarük bazarı olan Ukraynadan martda 170 ton tütün alıb

Biznes
  • 16 may, 2022
  • 07:04
Azərbaycan əsas tədarük bazarı olan Ukraynadan martda 170 ton tütün alıb

Bu ilin ilk rübündə Azərbaycana xaricdən 10,28 milyon ABŞ dolları dəyərində 666,59 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 45 % azdır.

Hesabat dövründə Ukraynadan 10,263 milyon ABŞ dolları dəyərində 665,98 ton, Gürcüstandan 12,05 min ABŞ dolları dəyərində 0,09 ton və Danimarkadan 4,21 min ABŞ dolları dəyərində 0,52 ton məhsul alınıb.

Ötən ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 31,8 % və 42,1 % azalıb, Danimarkadan – 92 % və 93,8 % azalıb. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Gürcüstandan çəkməli tütün alıb.

Qeyd edək ki, 2021-ci ildə idxal etdiyimiz 4,61 min ton çəkməli tütünün 96,9 %-i Ukraynanın payına düşüb. Müharibə şəraitində olmasına baxmayaraq Ukrayna bu ilin martında Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 170 ton çəkməli tütün ixrac edib.