Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb
- 23 yanvar, 2025
- 11:45
Ötən il Azərbaycan 507,557 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9,5 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 2,887 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,1 dəfə azdır.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,41 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.
Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.