Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli layihəyə əlavələr edəcək
- 14 mart, 2023
- 09:07
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə milliləşdirilmiş layihəyə minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə ehtiva edən 18-ci DİM-ə uyğun hədəf və göstəricilərin əlavə olunması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin və BMT-nin birgə təşkilatçılığı ilə, Azərbaycanla qurum arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib.
"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Çərçivə sənədində həmçinin, həmin ərazilərimizin bərpasında Azərbaycan hökumətinə dəstək tədbirləri də yer alır. Bu istiqamətdə, xüsusilə uzun sürən münaqişənin dağıdıcı təsirinə məruz qalmış bölgələrin minalardan təmizlənməsində BMT-nin ixtisaslaşmış qurumları ilə uğurlu əməkdaşlıq edilir. Ötən il BMT-nin İnkişaf Proqramının Ölkə Nümayəndəliyi ilə birgə məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün minatəmizləmə ilə bağlı layihənin icrasına başlanılıb", - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin minalarla çirkləndirilməsi bərpa və yenidənqurma prosesini ləngidir, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına ciddi maneə olur, kənd təsərrüfatı, təhsil, turizm, ərzaq təhlükəsizliyi, məşğulluq kimi bir çox sahələrin inkişafına mənfi təsir etməklə DİM-lərə nail olmaqda çətinlik yaradır: "Şübhəsiz, qlobal minatəmizləmə səylərinin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, qabaqcıl təcrübənin, innovativ metodların, texnoloji yeniliklərin tətbiqi vacibdir. Məhz bu məqsədlə Cənab Prezident minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü irəli sürüb.
Maarifləndirmə üzrə bu il həyata keçiriləcək Fəaliyyət Planına da bu istiqamətdə yerli və beynəlxalq tədbirlərin görülməsi məsələləri daxil edilib. Fürsətdən istifadə edib 18-ci DİM təşəbbüsünün reallaşdırılması üçün beynəlxalq sferada işlərin aparılması və bu təklifin BMT səviyyəsinə çıxarılması üçün dəstəyin göstərilməsini başda BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreyeva olmaqla təşkilatın Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış agentliklərinin nümayəndələrindən xahiş edirik".