Azərbaycan daha iki ölkədən çəkməli tütün tədarük etməyə başlayıb

Biznes
  • 21 iyun, 2022
  • 05:28
Azərbaycan daha iki ölkədən çəkməli tütün tədarük etməyə başlayıb

2022-ci ilin ilk 4 ayında Azərbaycan xaricdən 12,091 milyon ABŞ dolları dəyərində 828,19 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45,8 %, kəmiyyət olaraq – 53 % azdır.

Hesabat dövründə Ukraynadan 10,454 milyon ABŞ dolları dəyərində 684,22 ton, Özbəkistandan 983,39 min ABŞ dolları dəyərində 93,38 ton, Türkiyədən 637,1 min ABŞ dolları dəyərində 49,88 ton, Gürcüstandan 12,05 min ABŞ dolları dəyərində 0,52 ton, Danimarkadan 4,21 min ABŞ dolları dəyərində 0,09 ton və Rusiyadan 0,17 min ABŞ dolları dəyərində 0,08 ton məhsul gətirilib.

Ötən ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 51,9 % və 59,5 % azalıb, Türkiyədən – 2,2 dəfə və 23 % artıb, Danimarkadan – 92 % və 93,8 % azalıb, Rusiyadan – 99 % və 89,7 % azalıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Gürcüstan və Özbəkistandan çəkməli tütün alıb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi 4,61 min ton çəkməli tütünün 96,9 %-i Ukraynadan alınıb.

44 - Tezliklə