Azərbaycan daha bir ölkədən məftil idxal etməyə başlayıb

Biznes
  • 06 iyul, 2024
  • 07:27
Azərbaycan daha bir ölkədən məftil idxal etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 4,11 milyon ABŞ dolları dəyərində 4 min 569 ton dəmirdən və ya aşqarlanmamış poladdan məftil idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 12 % azdır.

Hesabat dövründə Azərbaycana Rusiyadan 2,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 2 min 572 ton (+74 %), İrandan 936 milyon ABŞ dolları dəyərində (-74 %) 1 min 167 ton (-60 %), Türkiyədən 771 min ABŞ dolları dəyərində (+21 %) 630 ton (+18 %), Gürcüstandan 101 min ABŞ dolları dəyərində (-40 %) 117 ton (-36 %), Çindən 89 min ABŞ dolları dəyərində (+51 %) 82 ton (+61 %) məmulat gətirilib.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşadan (0,03 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 15,52 min ton dəmir və polad məftilin 43,8 %-i İranın, 35 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə