Azərbaycan daha 8 ölkəyə cilalanmış şüşə ixracına başlayıb
- 10 mart, 2023
- 13:20
2022-ci il ərzində Azərbaycandan xaricə 18 milyon ABŞ dolları dəyərində 4 milyon 161 min kvadratmetr cilalanmış şüşə göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 18 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 7,87 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % artıb) 1 milyon 884 min kvadratmetr (+63 %), Türkiyəyə 4,4 milyon ABŞ dolları dəyərində (+68 %) 1 milyon 098 min kvadratmetr (+4 %), Polşaya 1,81 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 475 min kvadratmetr (+3,6 dəfə), Gürcüstana 1,45 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 284 min kvadratmetr (+3,6 dəfə), İrlandiyaya 825 min ABŞ dolları dəyərində 132 min kvadratmetr məhsul satıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa (69 min ABŞ dolları dəyərində 17 ton), Estoniyaya (62 min ABŞ dolları dəyərində 9,3 ton), İtaliyaya (29,4 min ABŞ dolları dəyərində 4,4 ton), Kiprə (14,4 min ABŞ dolları dəyərində 2,5 ton), Qətərə (51,3 min ABŞ dolları dəyərində 0,51 ton), Litvaya (35,3 min ABŞ dolları dəyərində 9,1 ton), Rumıniyaya (18 min ABŞ dolları dəyərində 4,33 ton) və İrlandiyaya tədarük həyata keçirilib.