Azərbaycan Cənub-Şərqi Anadoludan dənli və paxlalı bitkilərin idxalına çəkdiyi xərci 3 % artırıb
- 13 avqust, 2024
- 10:48
Bu ilin yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 7,564 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 1 milyard 926,557 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 1,2 % azdır.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulların ixracı Yaxın Şərq ölkələrinə (974,551 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu 1 il əvvələ nisbətən 4,7 % çoxdur.
Onları Afrika ölkələri (493,993 milyon ABŞ dolları) və Amerika ölkələri (266,544 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 1,3 % və 5,6 % çoxdur.