Azərbaycan bu il Gürcüstandan 90 milyon dollarlıq yerli məhsul idxal edib

Biznes
  • 19 noyabr, 2021
  • 07:24
Azərbaycan bu il Gürcüstandan 90 milyon dollarlıq yerli məhsul idxal edib

Bu ilin ilk 10 ayında Azərbaycan Gürcüstandan ümumi dəyəri 90,1 milyon ABŞ dolları olan yerli istehsal məhsulları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə məhsulların həcmi 43,1 % artıb.

Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,6 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas ticarət tərəfdaşlarının ilk onluğunda VIII yeri tutub.

Yanvar-oktyabrda Gürcüstandan xarici ölkələrə ixraca 3 milyard 392,5 milyon ABŞ dolları (+ 24,9 %) dəyərində yerli məhsul yönəldilib.

Hesabat dövründə ən çox ixrac edilən yerli məhsulların ilk onluğunda mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, fındıq, spirtli içkilər, mineral gübrələr, trikotaj köynəklər, qızıl, tərkibində şəkər olan mineral və qazlı sular yer alıb.