Azərbaycan Belarusa lak və boya tədarük etməyə başlayıb
- 10 fevral, 2023
- 10:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2022-ci ilin ilk 11 ayı ərzində 29,31 milyon ABŞ dolları dəyərində 9 min 337 ton lak və boya idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,2 %, kəmiyyət olaraq – 5 % çoxdur.
Azərbaycan Türkiyədən 18,669 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,2 % çoxdur) 6 min 724 ton (+10 %), Rusiyadan 1,596 milyon ABŞ dolları dəyərində (+5 %) 401,79 ton (-12 %), Polşadan 1,429 milyon ABŞ dolları dəyərində (+11,4 %) 257,84 ton (+3 %), Almaniyadan 998 min ABŞ dolları dəyərində (-16 %) 227,62 ton (-1,3 %), İtaliyadan 832,28 min ABŞ dolları dəyərində (-3,6 %) 99,44 ton (-6,4 %) məmulat alıb.
Hesabat dövründə Azərbaycandan 2,857 milyon ABŞ dolları dəyərində (+33 %) 2 min 136 ton (+0,3 %) lak və boya ixrac edilib.
Gürcüstana 1 milyon ABŞ dolları dəyərində (+39 %) 1 min 20 ton (+37,5 %), Özbəkistana 750,24 min ABŞ dolları dəyərində (+38 %) 313,14 ton (-34,8 %), Qırğızıstana 489,21 min ABŞ dolları dəyərində (+22,6 %) 446,58 ton (+3,2 %), Rusiyaya 329,24 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 88,6 ton (+46 %), İraqa 125,73 min ABŞ dolları dəyərində (-51 %) 143,35 ton (-54,6 %) məhsul göndərilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib. Azərbaycan həmin ölkəyə 1,93 min ABŞ dolları dəyərində 0,1 ton məmulat satıb.