Azərbaycan BƏƏ-dən badam alışını bərpa edib
- 25 avqust, 2022
- 12:49
Bu ilin I yarısında Azərbaycan xaricdən 1,6 milyon ABŞ dolları dəyərində 275,7 ton badam (qabıqlı və qabığı təmizlənmiş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Amerika Birləşmiş Ştatlarından 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 40 % artıb) 246,6 ton (+25,5 %), İspaniyadan 95 min ABŞ dolları dəyərində (-33,6 %) 17,3 ton (-35 %), Avstraliyadan 33 min ABŞ dolları dəyərində (+25 dəfə) 5,1 ton (+64 dəfə), Türkiyədən 17 min ABŞ dolları dəyərində (+30,8 %) 2,6 ton (+26,4 %), Özbəkistandan 14 min ABŞ dolları dəyərində (+30 %) 2 ton (+43 %) məhsul idxal edilib.
Üç illik aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) tədarük bərpa edilib. Bu ölkədən 0,6 min ABŞ dolları dəyərində 0,1 ton badam gətirilib.