Bu ilin yanvar-mart aylarında Azərbaycana 158 milyon ABŞ dolları dəyərində 15 539 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 47 ədəd və yaxud 0,3% çoxdur.
Bu ilin ilk üç ayında sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 26 ədəd və yaxud 39,4 % azalaraq 40 ədəd ( 4,397 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 198 ədəd və yaxud 1,4 % azalaraq 14 219 ədəd (132,72 mlyoin ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 1 831-i (10,285 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 17-i (722 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 265 ədəd yaxud 16,9 % artması, ikincinin isə 3 ədəd yaxud 21,4 % artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 277 ədəd və yaxud 28,5 % artaraq 1 249 ədəd (16,923 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 6 ədəd və yaxud 16,2 % azalaraq 31 ədəd ( 3,959 milyon ABŞ dolları dəyərində) olub.