Azərbaycan ABŞ-yə karbamid ixrac etməyə başlayıb

Biznes
  • 14 iyun, 2024
  • 12:48
Azərbaycan ABŞ-yə karbamid ixrac etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 33 milyon ABŞ dolları dəyərində 171 min ton karbamid ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 64 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 14,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 dəfə çoxdur) 72 min 677 ton (+15 dəfə), Ukraynaya 11,6 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 57 min 267 ton (+3 dəfə), Rumıniyaya 5,4 milyon ABŞ dolları dəyərində (-33 %) 32 min 731 ton (+12 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 1,25 milyon ABŞ dolları dəyərində 4,2 ton, Albaniyaya 480 min ABŞ dolları dəyərində 2 min 999 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq ABŞ-yə tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 13 ölkəyə ixrac edilmiş 362 min 207 ton karbamidin 33,8 %-i Rumıniyanın, 17 %-i Ukraynanın, 17 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti