Azərbaycan ABŞ və Belçikadan tütün idxalını bərpa edib

Biznes
  • 28 dekabr, 2023
  • 13:05
Azərbaycan ABŞ və Belçikadan tütün idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 71,3 milyon ABŞ dolları dəyərində 4 min ton çəkməli tütün idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 61,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 3 min 160 ton (+2,4 dəfə), Ukraynadan 6 milyon ABŞ dolları dəyərində (-63 %) 484 ton (-55 %), İordaniyadan 1,96 milyon ABŞ dolları dəyərində (+26 %) 322 ton (+9 %), Özbəkistandan 820 min ABŞ dolları dəyərində (-95 %) 39,1 ton (-95 %), Rusiyadan 473,3 min ABŞ dolları dəyərində (+8,6 dəfə) 30,7 ton (+17 dəfə) tütün alıb.

Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Belçikadan (14 min ABŞ dolları dəyərində 0,68 ton) və 1 il 6 aylıq aradan sonra Amerika Birləşmiş Ştatlarından (25 min ABŞ dolları dəyərində 0,39 ton) tütün tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 4 min 369 ton çəkməli tütünün 41,7 %-i Türkiyənin, 25,7 %-i Ukraynanın payına düşüb.