Azərbaycan 4 ayda 35 milyon dollarlıq Gürcüstan məhsulları idxal edib
- 19 may, 2022
- 07:15
Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 34,9 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulları ixrac olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə məhsulların dəyərində 32,3 % artım qeydə alınıb.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 2,9 % paya sahib olmaqla qonşu ölkənin yerli ixrac üzrə əsas tərəfdaşlarının ilk onluğunda IX yeri tutub.
Yanvar-apreldə xarici ölkələr Gürcüstandan ümumi dəyəri 1 milyard 587,5 milyon ABŞ dolları olan yerli məhsul tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 32,8 % çoxdur.
Hesabat dövründə qonşu ölkədən ixraca ən çox yönəlmiş yerli məhsulların siyahısına mis filizləri və konsentratları, ferroərintilər, mineral gübrələr, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, qızıl, trikotaj köynəklər, fındıq, qiymətli metal filizləri və konsentratları, spirtli içkilər daxil olub.