Azərbaycan 3 ölkəyə dondurma ixracını bərpa edib

Biznes
  • 18 avqust, 2022
  • 08:37
Azərbaycan 3 ölkəyə dondurma ixracını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 3,2 milyon ABŞ dolları dəyərində 654,93 ton dondurma gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,5 %, kəmiyyət olaraq – 16 % azdır.

Türkiyədən 1,532 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 9,2 % azdır) 263,02 ton (-10,5 %), Rusiyadan 1,153 milyon ABŞ dolları dəyərində (-2 %) 269,22 ton (-7 %), Ukraynadan 244,1 min ABŞ dolları dəyərində (+45,2 %) 64,73 ton (+4,8 %), Xorvatiyadan 72,53 min ABŞ dolları dəyərində (-6,4 %) 26,93 ton (-8,7 %), Belarusdan 40,99 min ABŞ dolları dəyərində (-62,7 %) 10,35 ton (-67,7 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 76,2 min ABŞ dolları dəyərində 33,96 ton dondurma ixrac edib ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 63,3 % və 54 % azdır.

İraqa 45,02 min ABŞ dolları dəyərində 15,21 ton, Türkmənistana 16,42 min ABŞ dolları dəyərində 3,97 ton və Gürcüstana 14,74 min ABŞ dolları dəyərində 14,78 ton məhsul satılıb.

Səkkiz il 3 ayın tamamında Gürcüstana, 2 il 5 aylıq fasilənin ardından İraqa, 1 il 8 aylıq aradan sonra Türkmənistana tədarük bərpa edilib.

Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi 130 ton dondurmanın 71,5 %-i Kot-d`İvuarın, 15,4 %-i Türkiyənin və 13,1 %-i Fələstinin payına düşüb.

44 - Tezliklə