Azərbaycan 3 ölkədən düyü idxalını bərpa edib
- 26 dekabr, 2023
- 06:05
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 43 milyon ABŞ dolları dəyərində 47 min 674 ton düyü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11,2 %, kəmiyyət olaraq – 4,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 37,24 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 40 min 547 ton (+19 %), Çindən 2,47 milyon ABŞ dolları dəyərində (+40 dəfə) 3 min ton (+28 dəfə), Pakistandan 1,37 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 min 704 ton (+82 %), Vyetnamdan 667 min ABŞ dolları dəyərində (+222 dəfə) 814 ton (+284 dəfə), Tailanddan 705 min ABŞ dolları dəyərində (-8 %) 970 ton (-5 %) düyü alıb.
Azərbaycan 2 il 9 aylıq fasilənin ardından Myanmadan (1,71 min ABŞ dolları dəyərində 0,9 ton), 1 il 10 aylıq aradan sonra Bolqarıstandan (6 min ABŞ dolları dəyərində 9,75 ton) və 1 il 5 aydan sonra Portuqaliyadan (0,12 min ABŞ dolları dəyərində 0,02 ton) düyü tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın, 11,5 %-i Qazaxıstanın, 8,3 %-i Rusiyanın payına düşüb.