Azərbaycan 10 ayda Gürcüstanın avtomobil ehtiyat hissələri ixrac etdiyi əsas bazar olub

Biznes
  • 20 noyabr, 2023
  • 10:16
Azərbaycan 10 ayda Gürcüstanın avtomobil ehtiyat hissələri ixrac etdiyi əsas bazar olub

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 2,7 milyon ABŞ dolları dəyərində 118 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 50 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində 672 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18,3 % və 13 % çoxdur.

O cümlədən, Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 2,2 milyon ABŞ dolları dəyərində 105 ton, Ermənistana 1,9 milyon ABŞ dolları dəyərində 205 ton, Amerika Birləşmiş Ştatlarına 1,4 milyon ABŞ dolları dəyərində 101 ton, Türkiyəyə 1,1 milyon ABŞ dolları dəyərində 47,3 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 11,85 milyon ABŞ dolları dəyərində 692 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,5 milyon ABŞ dolları dəyərində 98,2 tonu Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan sözügedən məhsulların tədarükünə çəkdiyi xərci 19 %, onun həcmi isə 6,5 % artıb.