Avropa Komissiyası (AK) ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un antiinhisar qanunlarını pozub Almaniya və Fransadakı üstün mövqeyindən sui-istifadə etməsi ittihamı ilə şirkətə qarşı II təhqiqat başlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Marqrete Vestager keçirdiyi brifinqdə bildirib.
“II təhqiqatımız “Amazon”un, platformasındakı elektron infrastrukturdan, logistika və çatdırılma şəbəkəsindən yararlanan müstəqil satıcıların sıxışdırılması, özlərinin təkliflərinə daha çox yer, qanunsuz imtiyazlar verilməsilə bağlıdır. Belə ki, “Amazon”un xidmətlərindən istifadə qaydaları müstəqil satıcıların hüquqlarını qəsdən və birmənalı şəkildə pozur”, – deyə AK rəsmisi qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, 2019-cu ilin yay aylarında başlanmış I təhqiqatla bağlı rəsmi etiraz siyahısı (letter of objection) da ABŞ şirkətinə təqdim edilib: "Təkcə elektron satış bazarında ən böyük satıcı deyil, həm də minlərlə avropalı satıcı üçün də ən böyük ticarət platforması olan “Amazon”un öz məhsullarını daha çox satmaq üçün başqa şirkətlərin alış-verişinə dair əldə etdiyi məlumatdan qanunsuz istifadə etdiyi məlum olub".
M.Vestager ümid etdiyini bildirib ki, “Amazon”a qarşı daha bir təhqiqatlar ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsindən sonra Avropa İttifaqı ilə münasibətlərə xələl gətirməyəcək: "Bu təhqiqatın ikitərəfli münasibətlərə hər hansı təsir edəcəyini düşünmürəm, çünki ABŞ-dakı sahibkarlar ABŞ qaydalarına, avropalı sahibkarlar da Avropa qaydalarına əməl etməlidir. Bu kommersiya təhqiqatıdır, siyasi tərəfi yoxdur. Bu gün biz elektron ticarətin qlobal prinsiplərinə dair müzakirələr aparmalıyıq, Avropa İttifaqı də bu müzakirələrdə iştirak etməyə hazırdır”.
Xatırladaq ki, Avropada antiinhisar qanunlarını pozan şirkətlər illik dövriyyəsinin 10 %-i qədər cərimələnə bilər. Yəni “Amazon”a qarşı 17 milyard ABŞ dollarından artıq cərimə tətbiq oluna bilər.