Avropa İttifaqı ölkələri tibbi böhranda - PARÇALANMA OLACAQMI?

Avropa İttifaqı ölkələri tibbi böhranda - PARÇALANMA OLACAQMI? Dünyanı, o cümlədən Avropa İttifaqını (Aİ) bürüyən koronavirus (COVID-19) pandemiyası region ölkələrində tibbi böhran yaradıb.
Biznes
1 May , 2020 12:17
Avropa İttifaqı ölkələri tibbi böhranda - PARÇALANMA OLACAQMI?

Dünyanı, o cümlədən Avropa İttifaqını (Aİ) bürüyən koronavirus (COVID-19) pandemiyası region ölkələrində tibbi böhran yaradıb. 

"Report"un Fransa bürosu bu böhranın mümkün nəticələri barədə müxtəlif ekspertlərin rəyini öyrənib. 

"Tibbi böhran dərin iqtisadi böhrana səbəb olacaq"

Paris - Sen Universitetinin siyasi elmlər və kommunikasiya üzrə professoru Frederik Treffel deyir ki, bugünkü tibbi böhran Aİ ölkələri arasındakı həmrəyliyi sınağa çəkir: “2008-ci ildəki maliyyə və 2015-ci ildəki miqrasiya böhranlarından sonra bu dəfə Avropa dərin tibbi böhran yaşayır. İttifaq tərkibində nizamsızlıq və bölünmə müşahidə olunur. Bir sıra üzvlər, əsasən şimal və cənub ölkələri arasında uçurumlar kəskinləşib. Virusla mübarizədə daha az problemlə üzləşən Şimali Avropa ölkələri virusun daha çox böyük fəsadlara səbəb olduğu Cənubi Avropa ölkələrinə münasibətdə həmrəylik nümayiş etdirməkdə çətinlik çəkir. Aİ-da əksər ölkələr tibbi böhrandan çıxmaq üçün sərhədlərini bağlayıb. Avropa ölkələrində vəziyyətin müxtəlif olması həm milli, həm də yerli səviyyələrdə aidiyyəti tədbirlərin görülməsini vacib edib. İnsanlar yerlərdə problemə uyğun qərarlar gözləyirlər. Bu gün aktuallaşan “Qlo-lokal“ adlı nəzəriyyə bu qlobal böhranı nəzərə alaraq yerli səviyyədə hərəkət etməkdən ibarətdir". 

Frederik Treffel
Frederik Treffel

Bundan başqa, ekspertin fikrincə, Aİ dərin iqtisadi böhrana da hazırlaşır: “Bu tibbi böhranın Aİ-nin iqtisadiyyatına vuracağı zərər böyük olacaq. Regionda ümumi daxili məhsulunun həcminin 7-8% azalacağı gözlənilir. Məsələn, "Airbus" təyyarə istehsalını 50% azaldıb və Fransa-Almaniya birliyinin rəmzi olan bu şirkətin gələcəyi sual altındadır. Fransa-Niderland şirkətləri alyansının rəmzi olan KLM-in də gələcəyi narahatlıq doğurur. Bu böhrandan çıxmaq üçün Aİ müvafiq tədbirlər görür. Avropa Mərkəzi Bankı iqtisadiyyatın yenidən dirçəldilməsi üçün 500 milyard avro ayırıb. Lakin bu görülən tədbirlərin böhrandan çıxmaq üçün kifayət edəcəyi sual altındadır. Aİ-na üzv dövlətlər böhrandan çıxmaq üçün 2021-2027-ci illər üçün büdcə layihəsi hazırlayırlar". 

F.Treffel Aİ-nın xarici siyasətinə də toxunub, onun öz müttəfiqlərinə sadiq qalacağını bildirib: “Aİ səylərini gücləndərməkdə davam edir, tərəfdaşları, xüsusilə Şərqi Avropa və Qafqazdakı tərəfdaşları ilə əməkdaşlığını qoruyub saxlamaq istiqamətdə çalışır. Azərbaycan Aİ-nən Qərblə Şərq arasında körpü rolunu oynayan, ona coğrafi baxımdan ən yaxın qonşusudur. Böhranla üzləşən Aİ gələcəkdə də özünün iqtisadi, siyasi və coğrafi mütəffiqləri ilə tərəfdaşlığını qoruyacaq". 

"Avropa bu sınaqdan daha güclü çıxacaq"

Almaniyanın paytaxtı Berlində yerləşən Sivilizasiyalar arasında Dialoq İnstitutunun baş icraçı direktoru Jan Kristof Ba (Jean-Christophe Bas) isə hesab edir ki, bu gün Aİ ölkələrinin üzləşdiyi böhran II dünya müharibəsi zamanı olduğu qədər ciddi və dərindir: "Gələn həftə biz İİ dünya müharibəsinin bitməsinin 75-ci ildönümünü qeyd edəcəyik. Bu gün 75 il bundan əvvəlki kimi müxtəlif yolların kəsişməsində dayanmışıq. Bu böhrandan sonra o vaxt müharibədən çıxdığımız zaman olduğu kimi iki seçimimiz var. Ölkələr arasında gərginlik və millətçilik hissləri ilə yaşaya bilərik və yaxud da o zamankı kimi həmrəyliyimizi gücləndirə, beynəlxalq dialoq mexanizmini qoruyub saxlaya bilərik. Bu gün bu böhran bizə öyrətdi ki, yer üzündə kimliyimizdən asılı olmayaraq hamımız eyni risklə üzləşmişik, eyni qorxunu yaşayırıq". 

Jan Kristof Ba
Jan Kristof Ba

Ekspertin fikrincə, Aİ bu sınaqdan daha güclü çıxacaq: “Biz hələlik böhranın yarısındayıq. Hələlik Aİ iqtisadiyyatını xilas etmək üçün qətiyyətli, cəlb və lazımi reaksiyalar verə bilib. İstər Avropa Mərkəzi Bankı, istər Avropa Komissiyası və həmçinin bütünlükdə Avropa İnstitutları iqtisadi balansı qorumaq üçün planlı tədbirlər görürlər. Bir neçə həftə Skandinaviya ölkələri və Almaniyanın həmrəylik göstərməkdən yayındıqları müzakirə olunurdusa, bu gün artıq Aİ səviyyəsində danışıqlıqlar yolu ilə razılıqlar əldə olunub. Dialoq yolu ilə razılığa gəlmək Avropa İttifaqının əsas zənginliyi və güclü tərəfidir. Buna görə deyə bilərik ki, Aİ öz daxilində həmrəylik yaradaraq bu sınaqdan daha da güclənmiş halda çıxacaq. Virusun bundan sonra necə inkişaf edəcəyini hələlik deyə bilmirik. Mümkündür ki, dünyanın müxtəlif regionlarında hələ bundan sonra yayılsın. Afrikanın virusun yayılacağı növbəti qitə olduğu dəfələrlə bildirilib. Aİ bu məsələdə də cəld tərpənərək, vaxtında reaksiya verib. Virusun yayılmasının qarşısının alınması üçün Afrika ölkələri üçün 20 milyard avroluq həmrəylik planı hazırlanıb. Aİ beynəxlaq səviyyədə öz həmrəyliyini vaxtında nümayiş etdirə bilib". 

"Ümumi Avropa səhiyyəsi yaradılmalıdır"

Parisin Sarbon Universitetinin Urbanizm İnstitutunun direktor müavini, professor Jan-Antuan Düpra (Jean-Antoine Duprat) isə bildirir ki, böhran Avropa ölkələri arasındakı kəskin fərqləri üzə çıxardıb: “Bu böhran Avropa İttifaqını sərt sınağa çəkir. İlk növbədə o səhiyyədəki çatışmamazlıqları ortaya çıxarıb. Əsasən Fransa və Almaniya arasında, xüsusilə ağır xəstələrin xəstəxanalara yerləşdirilməsi zamanı həmrəylik görsək belə ümumi Avropa səhiyyəsi yaradılmalıdır. 

 Jan-Antuan Düpra
Jan-Antuan Düpra

Xüsusilə, gələcəkdə yenidən baş verə biləcək belə pandemiyalarla mübarizə üçün Aİ üzvləri fəaliyyətlərini daha yaxşı koordinasiya etməyi öyrənməlidir. Müşahidə edirik ki, istər maska, dezinfeksiya kimi qorunma tədbirlərində, karantinin tətbiqi və yaxud karantindən çıxma kimi vacib tədbirlərdə Aİ ölkələri nizamsız formada fəaliyyət göstərirlər. Böhran, həmçinin sərhədlərin, xüsusilə Şengen ərazisinin sərhədləri və miqrasiya axını məsələlərini də gündəmə gətirib. Bu tibbi böhran Avropa ölkələri arasında uzun illərdir yaranan fərqləri üzə çıxardı. Hollandiyanın timsalında Şimali Avropa ölkələrinin dövlət büdcəsi məsələlərinə qat-qat intizamla yanaşdıqları və büdcə kəsirlərini azaltmağa nail olduqlarını görürük. Fransanın simasında da isə Cənubi Avropa ölkələrində bunun tamam əksi baş verdiyini görürük. Karanovirus səbəbindən hərəkətlərin məhdudlaşdırılması bir çox sahələrin fəaliyyətini dayandırmağa məcbur edib və nəticədə şirkətlərə dəstək tədbirlərinə başlanılıb, bu da dövlətə çox baha başa gəlir. Tibbi böhranla bağlı tədbirləri düzgün idarə edən dövlətlər böhrana düzgün reaksiya verməyən və səhvləri ucbatından borclarını artıran dövlətlərin yerinə ödəməkdə qərarlı görünmürlər".

Ekspert böhran bitdikdən sonra müəyyən dəyişikliklər fonunda Aİ ilə tərəfdaşları arasında ticarət əlaqələrinin normallaşacağını bildirib: “Növbəti pandemiya baş verdiyi halda Avropa ölkələrinin müəyyən məhsullara olan asılılığını aradan qaldırmaq məqsədilə Aİ xaricində fəaliyyət göstərən bir sıra şirkətlərin geri Avropaya dönməsi ehtimalı böyükdür".

Son xəbərlər

Orphus sistemi