"Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırmaq, ümumi dəyərini 15 milyard ABŞ dollarına çatdırmaq üçün qanunlarına dəyişikliklər etməlidir".
Bunu “Report”a müsahibəsində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Camal Yanqın deyib.
"Ticarət dövriyyəsinin artırılmasında əmtəə və xidmətlərin azad dövriyyəsi mühüm rol oynayır. Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişi imzalasa da, bu, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa bəs etmir. Kəskin artım üçün sərbəst ticarət olmalıdır. Buna nail ola bilsək, prezidentlərimizin tapşırığına yaxınlaşa bilərik. Sərbəst ticarət razılığının əldə edilməsi ilə bağlı dövlətlərin iradəsi var. Preferensial Ticarət Sazişinin inkişaf etdirilməsi sərbəst ticarətin tətbiqi deməkdir. Qardaş dövlətlər arasında gömrük rüsümunun və icazələrin aradan qaldırılması lazımdır. Sərbəst ticarət rejiminin tətbiqi iki ölkənin iqtisadiyyatlarına töhfə verəcək. Biz gərək mövcud vəziyyətdə dayanmayaq, iqtisadiyyatımızı daha da irəliyə aparaq. Bunun isə yolu bir-birimizə qarşılıqlı yatırımları artırmaqdır. Yəni, Azərbaycanda daha çox fabrik quraq, iş yeri yaradaq. Bu gün inkişaf etmiş ölkələrin belə əsas problemi işlə bağlıdır. Hər kəsin işi olmalıdır.
Azərbaycanın MDB ölkələri ilə əldə etdiyi razılığa görə, bu ölkələrlə ticarətdə ancaq əlavə dəyər vergisi (ƏDV) ödənilir. Lakin Türkiyə ilə ticarətdə həm ƏDV, həm də 15 % idxal rüsumu ödənilir. Bu isə ölkəyə gətirilən məhsulların qiymətlərinə təsir edir. Məqsədimiz gömrük rüsumunun dərəcəsinin ya sıfır, ya da sıfıra yaxın olmasıdır. Bu zaman bizim ticarətimiz artacaq", - deyə o, qeyd edib.
C.Yanqınla müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.