ASK: İşğaldan azad edilən ərazilərə yatırım etməklə bağlı təkliflərimiz var - MÜSAHİBƏ

ASK: İşğaldan azad edilən ərazilərə yatırım etməklə bağlı təkliflərimiz var - MÜSAHİBƏ Bu gün əsas məqsədimiz mövcud bizneslərin ayaqda qalmasını təmin etməkdir
Biznes
24 Aprel , 2021 16:16
ASK: İşğaldan azad edilən ərazilərə yatırım etməklə bağlı təkliflərimiz var - MÜSAHİBƏ
Vüqar Zeynalov

Ölkə başçısının "Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, bu il aprelin 25-də Azərbaycanda növbəti dəfə “Sahibkarlar Günü” qeyd ediləcək.

"Report" bu münasibətlə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalovla müsahibəni təqdim edir:

- Bilirik ki, ASK-nın əsas missiyalarından biri sahibkar-dövlət münasibətlərinin tənzimlənməsi üçün dialoqlar qurmaqdır. Bu istiqamətdə konfederasiyanın hansı dövlət qurumları ilə əməkdaşlığı var?

- 2001-ci ildən ASK Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə “Baş Kollektiv Sazişi” imzalayır. Biz bu vacib sənədi iki ildən bir imzalayırıq. Həmin sənəddə ASK olaraq bütün biznesin sözünü deyirik. Həmin sazişin həyata keçirilməsi üçün hər tərəfdən beş nəfər olmaqla üç tərəfli komissiya fəaliyyət göstərir. Bundan başqa ASK-nın bir çox qurumlarla, məsələn, Dövlət Gömrük Komitəsi ilə, Dövlət Vergi Xidməti ilə və Mərkəzi Bankla ayrı-ayrılıqda iki tərəfli komissiyası var. Biz bu komissiyalarda sahibkarların üzləşdiyi problemləri, məsələləri birbaşa müvafiq orqanlara çatdırır və onlarla müzakirə edirik. Əlavə olaraq ASK-nın prezidenti bir çox qurumlarda Müşahidə Şurasının üzvüdür və bu şəkildə sahibkarları təmsil edir.

- Pandemiya “Baş Kollektiv Saizişi”ndə nəzərdə tutulan hansı məsələləri həyata keçirməyinizə mane oldu?

- Pandemiya ASK-nın dövlətlə apardığı dialoqda heç bir çətinlik yaratmayıb. Biz bütün işləri nəzərdə tutduğumuz plan üzrə davam edirik. Müəyyən geriləmələri nəzərə almasaq ümumiyyətlə bizim işimizdə heç bir çətinlik yaratmayıb. Pandemiyadan təsirlənməyə məruz qalan sahələrin inkişafında isə çətinliklər var. Həmin sahələrin inkişafı planda nəzərdə tutulduğundan geri qalır. İlk növbədə turizm sahəsi, daha sonra isə sərnişindaşıma, ticarət mərkəzləri və ictimai iaşə kimi sahələrdə bizim planlarımızda nəzərdə tutulan hədəflər bir qədər geriyə atıldı. Bu gün restoranların açılmağı onların problemlərinin həll olunması demək deyil. Bu, dalğavari bir prosesdir. Restoranlar altı aydan çox müddətdə işləməyiblər və onların özlərini bərpa etməsi üçün kifayət qədər vaxt lazımdır.

- Nəzərə alsaq ki, konfederasiyanın əsas məqsədi ümumilikdə ölkədə sahibkarlığın dayanıqlı inkişafına dəstək olmaqdır, bu baxımdan sahibkarlar və kommersiya bankları arasında münasibətlərin tənzimlənməsində ASK olaraq hansı formada iştirak edirsiniz?

- Banklar özləri sahibkar olmaqla bərabər, həm də sahibkarlara xidmət edən sektordur. Burda iki məsələni qeyd etmək istəyirəm. Bunlardan biri requlyativ məsələlərdir. Yəni biz hər hansı bir qərarın qəbul edilməsi zamanı həm bankların, həm də sahibkarların maraqlarını Mərkəzi Bank qarşısında ifadə edirik. Mərkəzi Bank bizim müraciətlərimizə çox çevik və operativ reaksiya verir. Məsələn, valyuta tənzimi haqqında qanunda 180 gün (bu müddətdə ixrac-idxal əməliyyatlarının kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın köçürülməsi təmin edilməlidir) məsələsi var idi. Biz bu problemi iki mərhələdə həll edə bildik.

Əvvəlcə bu müddəti 180 gündən 270 günə qədər uzatdıq, sonra isə həmin 270 günün də aradan götürülməsinə nail olduq. Nəticədə 12 min məhkəmə işinə xitam verildi. Qeyri-requlyativ məsələlərə, yəni bankların sahibkarlara göstərdiyi xidmətə gəldikdə isə, bu sahədə ASK Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə sıx fəaliyyətdədir. Biz mütəmadi olaraq sahibkarların maliyyə əlçatanlığı üzrə hansı problemlərinin olması ilə bağlı monitorinq aparır və bunları ABA ilə müzakirə edib aradan qaldırmağa çalışırıq.

- Son dövrlərdə sahibkarların ASK-ya müraciətləri əsasən hansı mövzularda olur?

- Sahibkarlar bizə hər mövzuda müraicət edirlər. Burda biznesin başlamasından tutmuş, biznes-planın yazılması, hesabların açılması, vergi rejiminin seçilməsi, vergi və ya gömrüklə olan məsələlərin qaldırılması və digər mövzuları qeyd etmək olar. Sahibkarların böyük əksəriyyətinin müraciətləri bu məsələlər üzrə olur. Bu gün bütün sahibkarları narahat edən məsələlərdən biri maliyyə əlçatanlığı məsələsidir. Ən çox müraicətlər də elə bununla bağlıdır.

- Bu il hansı sektorlarda sahibkarların sayının artması müşahidə olunur?

- Keçən illə bu il arasında müqayisə aparsaq, bu il Azərbaycanda sahibkarlığın kifayət qədər inkişaf etdiyini deyə bilərik. Ölkəmizin sənaye strukturunda əsas sektorlar topdan və pərakəndə satışdır. Sonrakı sırada isə avtomobil və inşaat sektoru gəlir. Bunlar ənənəvi sektorlardır ki, proporsional şəkildə inkişaf edirlər. Amma ölkədə yeni bizneslər daha çox əmələ gəlir. Misal olaraq yeni onlayn mağazaları, çatdırılma şirkətlərini, onlayn ərzaq və qeyri-ərzaq mağazalarını, onlayn tədris mərkəzlərini qeyd edə bilərik. Bu sahələrdə böyük canlanma var.

- Azərbaycan sahibkarlarının beynəlxalq forum, sərgi və tədbirlərdə iştirak etməsinə konfederasiya necə dəstək olur və bu barədə qarşıdakı planlar hansılardır?

- ASK-nın fəaliyyət rejiminin 1/3 hissəsini həmin körpülərin yaradılması təşkil edir. Yəni ölkələr arasında biznes forumların keçirilməsi, müxtəlif ölkələrdəki biznes nümayəndələrinin bir-birilə görüşmələri, xarici ölkələrdə keçirilən sərgilərdə bizim sahibkarların iştirakı və onların məlumatlandırılması bizim fəaliyyətimizin əsas istiqamətlərindəndir. Eyni zamanda bizim “alım heyəti” proqramları var. Bu proqramlar hər hansı bir şirkətin “alım heyəti”nin iki və ya üç gün ərzində Türkiyə, İran və Hindistanda sərgilərdə iştirakını nəzərdə tutur. Bu zaman həmin ölkədə qalmaq və digər xərcləri biz qarşılayırıq. Bu gün daha çox virtual platformalarda sərgilərin keçirilməsi artır.

- Qarşıdakı vaxtlarda Azərbaycanda hansı ölkələrin ticarət evlərinin yaradılması nəzərdə tutulur? Bilirik ki, ötən il Türk Ticarət Evlərinin yaradılması məsələsi qüvvədə idi.

- Azərbaycanda İran və Özbəkistan ticarət evlərinin açılması nəzərdə tutulur. Bundan başqa, biz Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasında Azərbaycanı təmsil edirik və həmin palatanın həm türkdilli dövlətlərdə, o cümlədən Azərbaycanda, həm də qeyri-türk dövlətlərində Türk Ticarət Evlərinin yaradılması ilə bağlı planları var. Digər bir plan isə Türk İnvestisiya Fondunun yaradılması barədədir. Bunlar gündəlikdə olsa da, bu günün məsələləri deyil və onların bu yaxında reallaşmağı gözlənilmir. Çünki biz hələ yavaş-yavaş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının özünü formalaşdırırıq. Palatanın formalaşması, üzvlərin palataya necə üzv olmaları, üzvlük haqqının hansı şəkildə ödənilməsi, üzvlərin palatada hansı formada iştirak edəcəkləri və digər məsələlərlə bağlı konsepsiya işlənilir. Paralel olaraq Türk İnvestisiya Fondu da yaradılaçaq. Konsepsiyanın məqsədi bütün türk dövlətlərinin məhsullarını vahid bir məkanda təqdim etməkdir.

Palata 2019-cu ildə yaradılıb. Sonradan pandemiyanın yayılması bu prosesi bir qədər ləngitdi. İndi də türk dövlətlərinin Qarabağa investisiya yatırmaları məsələləri üzərində ciddi iş getdiyindən bu mövzunun reallaşması bir qədər gecikir.

- Ötən il erməni işğalında olan torpaqlarımız azad edildi. İndi qarşımızdakı əsas məsələlərdən biri azad edilmiş ərazilərdə müasir iqtisadi infrastrukturun yaradılmasıdır. İşğaldan azad edilmiş torpaqlara xarici ölkələrdən investisiya cəlb edilməsi və eyni zamanda yerli sahibkarların bu ərazilərdə yatırımlar etməsinə təşviqi ilə bağlı ASK hansı işləri aparır?

- Müharibənin və qələbinin ilk günlərindən ASK-nın üzvləri, yəni bizim sahibkarlarımız işğaldan azad edilən torpaqlarımıza öz töhfələrini verməyə çox böyük həvəs göstərirlər. Odur ki, biz müharibədən sonrakı dövrdə bütün sahibkarların Qarabağla əlaqədar təkliflərini topladıq və İqtisadiyyat Nazirliyinə təqdim etdik. Bu gün İqtisadiyyat Nazirliyində bizim və sahibkarların özlərinin göndərdiyi 470-ə qədər müraciət var. Həmin ərazilərdə fəaliyyət göstərməyə şərait yaradılandan sonra biz çalışıb bu təklifləri işə salacağıq.

Bu gün demək olar ki, bütün xarici dövlətlər Qarabağa investisiya yatırmağa böyük maraq göstərir. Bunlardan ən öndə gedəni Türkiyədir. Eyni zamanda İran, Özbəkistan və Qazaxıstan da Qarabağa investisiya yatırmağa böyük maraq nümayiş etdirirlər. Biz müvafiq palata və qurumlarla görüşlərimizdə bu işlərin təşkili istiqamətində çalışırıq.

- Pandemiyanın yayılması fonunda ASK-nın biznesə dəstək məqsədilə hazırladığı strategiyanın əsasını nə təşkil edir?

- Bu gün ASK-nın məqsədi Azərbaycandakı bütün mövcud bizneslərin fəaliyyətini davam etdirməsidir. Bu gün mövcud olan hansısa biznes bağlanarsa, onu yenidən açmaq üçün beş dəfə artıq sərmayə lazım olacaq. Bugün bu çox çətin məsələdir. Ona görə də bizim əsas məqsədimiz və İqtisadiyyat Nazirliyinin də qarşıya qoyduğu əsas məqsədlərdən biri odur ki, bu gün mövcud bizneslərin ayaqda qalmasını təmin edək. Əsas işimiz bizneslərin pandemiya ilə əlaqədar üzləşdiyi çətinliklərin aradan qaldırılmasıdır. Bunların bir çoxlarını aradan qaldırmağa nail oluruq. Müəssisələrin böyük əksəriyyətində bu gün keçən illə müqayisədə artım belə var, amma azalma yoxdur.

Qeyd edim ki, bu il 25 aprel tarixində Azərbaycanda artıq beşinci dəfədir sahibkarlar gününü qeyd edəcəyik. Bizim rayon nümayəndəliklərimiz həftənin ilk günlərində sahibkarlar gününün qeyd olunması məqsədilə pandemiyanın yaratdığı şərtləri nəzərə almaqla tədbirlər keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi