ASK Gürcüstandakı azərbaycanlı iş adamları ilə əməkdaşlıq edəcək

ASK Gürcüstandakı azərbaycanlı iş adamları ilə əməkdaşlıq edəcək Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) ilə əməkdaşlıq edəcək.
Biznes
10 Fevral , 2021 21:56
ASK Gürcüstandakı azərbaycanlı iş adamları ilə əməkdaşlıq edəcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) ilə əməkdaşlıq edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təşkilatlar arasında bununla bağlı Anlaşma Memorandumu imzalanıb.

Mərasim Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ-nin birgə təşkilatçılığı ilə təşkilatın üzvləri, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan kapitallı şirkətlərin iştirakı ilə videokonfrans formatında keçirilən görüşdə baş tutub.

Toplantıda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Batumidəki Baş konsulu Pərviz İsmayılzadə, ASK prezidenti Məmməd Musayev, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, AZEBİ idarə heyətinin sədri Nəriman Qurbanov və təşkilatın üzvləri iştirak ediblər.

70-ə yaxın azərbaycanlı iş adamının qatıldığı tədbirdə AZEBİ tərəfindən 2020-ci il üzrə görülmüş işlər barədə hesabat və 2021-ci il üzrə tədbirlər planı, eləcə də təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

AZEBİ-nin İdarə Heyətinin sədri N. Qurbanov çıxışında təşkilatın fəaliyyəti barədə ətraflı məlumat təqdim edib.

ASK prezidenti öz növbəsində Azərbaycan və Gürcüstanın biznes assosiasiyaları arasında mütəmadi olaraq görüşlərin keçirilməsinin vacibliyini və AZEBİ-lə əməkdaşlığa dair memorandumun imzalanmasının əhəmiyyətini vurğulayıb. M.Musayev ikitərəfli əməkdaşlıq formatı ilə yanaşı, işgüzar dairələrin iştirakı ilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli biznes forumların təşkilinin səmərəli olduğunu qeyd edib.

Səfir F.Quliyev iki ölkənin işgüzar dairələri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, şirkətlərin iştirakı ilə mütəmadi olaraq biznes forumların təşkil edilməsinin vacibliyini vurğulayıb və ASK ilə AZEBİ arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bu əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə ümidini ifadə edib.

Son xəbərlər

Orphus sistemi