Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri mövzusunda onlayn işgüzar görüş keçirilib.
Bu barədə "Report"a "AmCham"dan məlumat verilib.
Məlumata görə, "Amcham"ın prezidenti Nuran Kərimov açılış nitqi söyləyərək iştirakçıları salamlayıb. O, bu kimi tədbirlərin dövlət və özəl sektor arasındakı dialoqun davam etdirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb, qeyd edib ki, "AmCham" korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması məsələsinə xüsusi əhəmiyyət verir. O həmçinin bildirib ki, Palata üzvləri bu istiqamətdə töhfə vermək üçün mütəmadi olaraq müxtəlif işlər görür.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov təşkil edilmiş tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. O həmçinin, hazırda Nazirliyin qeyd edilən istiqamətdə həyata keçirdiyi layihələr, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması üçün aparılan tədbirlər və s. barədə ətraflı məlumat verib. A.Kərimov qeyd edib ki, AmCham Azərbaycanın bu təşəbbüsü olduqca təqdirəlayiq haldır və Nazirlik Palata ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Görüşdə həmçinin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin (İH) sədri Mustafa Abbasbəyli, Dayanıqlı Operativ Sosial Təminat (DOST) Agentliyinin İH-nin sədri Fərid Məmmədov və Nazirliyin digər rəhbər işçiləri mövzu ilə bağlı çıxış edib. Görüşdə Palatanın nümayəndələri bəzi sual və təkliflər də səsləndirib. Sonda tərəflər şəhid ailələrinə və müharibə iştirakçılarının sosial dəstək, o cümlədən onların məşğulluğunun təminatı istiqamətində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.
"AmCham" xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış təşkilat iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 260-dan çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.