Çinin Dövlət Bazar Tənzimləməsi İdarəsi “Alibaba Group” ilə bağlı araşdırma apardığını açıqlayıb. Tənzimləyici şirkətin siyasətinin antimonopol qanunlara uyğunluğunu nəzərdən keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” tənzimləyicinin məlumatına istinadən bildirib.
İdarədən bildirilib ki, əsasən şirkətin “icbari müstəsnalıq” siyasəti öyrəniləcək. “Associated Press” məsələyə aydınlıq gətirmək üçün bu siyasətin şirkətin iş ortaqlarını onun rəqibləri ilə işləməməyə məcbur etdiyini açıqlayıb.
Bununla paralel olaraq Çin Xalq Bankı maliyyə tənzimləyicilərinin nümayəndələrinin “Alibaba” maliyyə-texnologiya bölməsi olan “Ant Group”un nümayəndələri ilə görüşəcəklərini açıqlayıb.
Xatırladaq ki, “Ant Group” noyabrda IPO həyata keçirməyi planlaşdırırsa da, yerləşdirilmədən bir neçə gün əvvəl onu qeyri-müəyyən müddətə təxirə salıb. Bundan əvvəl tənzimləyicilər “Ant Group”un əsas səhmdarı Cek Ma ilə görüşüblər. “The Wall Street Journal”ın mənbələri tarixdəki potensial ən böyük IPO-nun təxirə salınması barədə qərarın Çin Xalq Respublikasının sədri Si Tszinpin tərəfindən verildiyini bildirib.