Koronavirus pandemiyası şəraitində tədarüklərin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, “Airbus” ardıcıl ikinci il “Boeing”i üstələyərək ən böyük təyyarə istehsalçısı olacaq.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, ilin sonuna qədər “Airbus” 550-560 təyyarə tədarük edəcək. Bu, 2019-cu ilə nisbətən 35% azdır. Şirkət 2020-ci ilin yanvar-noyabr aylarında 477 təyyarə reallaşdırıb. Eyni dövrdə “Boeing” cəmi 118 təyyarə istehsal edib.
“Boeing”in tədarükünün azalması “737 MAX” modelinin istehsalının dayandırılması ilə əlaqədardır. Onun istehsalı bu model təyyarələrin iştirakı ilə ardıcıl qəzaların baş verməsindən sonra dondurulub, uçuşlar isə qadağan edilib.
ABŞ-ın aviasiya tənzimləyicisi yalnız noyabrın 18-də “737 MAX” təyyarəsinin istismara qaytarılmasına icazə verib və “Boeing” dekabrdan “737 MAX”ların tədarükünü bərpa edib.