Yohan Valem: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"

Yohan Valem: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik" "Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm".
Futbol
7 Sentyabr , 2020 13:54
Yohan Valem: Azərbaycanla matçda qələbə qazanmaq istəyirik
Yohan Valem

"Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı görüşdə müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm".

"Report"un məlumatına görə, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib. 

 48 yaşlı mütəxəssis oyunun komandası üçün vacib olduğunu bildirib: "Rəqibə hörmət edirik, amma biz qalib gəlmək istəyirik".

Belçikalı baş məşqçi Monteneqro kimi güclü rəqiblə qarşılaşmada bir neçə epizod yaratdıqlarını sözlərinə əlavə edib: "Biz yarımmüdafiədə yaxşı təsir bağışladıq. Oyunçularım müəyyən məqamları cəmi 3-4 məşq ərzində dərhal mənimsədilər. Matçın ardından futbolçuların üzlərində gördüyüm məyusluq mənə çox şey dedi. Deməli, onlar qələbəni həddindən artıq istəyirdilər. Növbəti oyunumuzda ən yaxşı "11-liy"i meydana buraxacağıq. Kim hazırdırsa, o da oynayacaq". 

Valemin sözlərinə görə, bir saat ərzində heç nə dəyişə bilməz, buna zaman və səbr lazımdır: "Millətlər Liqasının bizim üçün hansı anlamı daşıdığını bilməkdən ötrü realist olmalıyıq. Bu yarış vasitəsilə inkişaf etmək istəyirik. Futbolda əsas məsələ qələbə üçün oynamaqdır. Bunu unudursunuzsa, deməli, başqa peşə ilə məşğul olmalısınız. Monteneqro ilə oyunda qalib gəlmək istəyirdik, 1:1 hesablı heç-heçə də edə bilərdik. İnkişaf - komanda işi - qələbə triptixi ilə matça yanaşmışdıq".  

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda ilk turda evdə Lüksemburqa 1:2, Kipr isə Monteneqroya 0:2 hesabı ilə uduzub. 

Son xəbərlər

Orphus sistemi