Bakı. 4 oktyabr. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubunda baş məşqçi Paulu Souza ilə rəhbərlik arasında fikir ayrılığı yaranıb.
"Report"un "La Republica"ya istinadən verdiyi məlumata görə, bu, komandanın İtaliya A seriyasında göstərdiyi nəticələrlə əlaqədardır.
Hazırda "bənövşəyilər" 6 oyundan 8 xalla 14-cü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda bir oyunu var.
Ümumiyyətlə, portuqaliyalı mütəxəssisin mövsümün sonunda dəyişdiriləcəyi bildirilir. Onu Stefano Piolinin əvəzləyəcəyi gözlənilir. Hazırda işsiz olan Pioli əvvəllər "Latsio", "Parma" və "Bolonya"da çalışıb.
Hazırda "Fiorentina" daha da zəif nəticələr göstərsə, dəyişiklik elə bu mövsümdə gerçəkləşə bilər.
Qeyd edək ki, "Fiorentina" Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında ötən həftə İtaliyada keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1.