Bakı. 29 iyun. REPORT.AZ/ Alp Toqay Kurum "SOCAR-KBR" müştərək müəssisəsinin baş direktoru təyin edilib. “Report”un “Fortune Turkey” nəşrinə istinadən verdiyi xəbərə görə, A.T.Kurum 10 ilə yaxındır KBR şirkətində çalışır.
Qurumun təzə rəhbəri təyinatla bağlı məsələyə aydınlıq gətirərkən deyib ki, onun məqsədi komanda ilə birlikdə daha uğurlu layihələrə imza atmaqdır.
Bundan öncə KBR-in Türkiyə ilə Xəzər hövzəsi ilə biznesin inkişafı sahəsində məsul şəxs olaraq Londonda çalışıb.
Hacettepe Universiteti və “University of Findlay”da (ABŞ) təhsil alan A.T.Kurum 1978-ci il təvəllüdlüdür.
Qeyd edək ki, "SOCAR-KBR LLC" 2016-cı ilin martında Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması layihəsi çərçivəsində podratçı seçilib.
Xatırladaq ki, baş ofisi Hyustonda (ABŞ) yerləşən "SOCAR-KBR" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın KBR şirkəti tərəfindən yaradılan birgə müəssisədir.