Rövnəq Abdullayev: "AÇG" üzrə yeni layihə uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaq"

Rövnəq Abdullayev: "AÇG" üzrə yeni layihə uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaq" “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilədək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimi keçirilib
Energetika
23 Dekabr , 2016 17:35
Rövnəq Abdullayev: AÇG üzrə yeni layihə uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ “Azəri-Çıraq-Günəşli” (“AÇG”) yataqlar blokunun işlənməsi üzrə yeni layihə uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaq”.

“RepoRt” SOCAR-a istinadən xəbər verir ki, bunu bu gün “SOCAR Tower”də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” blokunun 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Görüşü SOCAR-ın prezidenti açaraq, tərəfdaşları salamlayıb və AÇG-nin gələcək işlənməsinə dair ABƏŞ səhmdarları ilə aparılan danışıqların müsbət nəticə verdiyini bildirib. “AÇG” layihəsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin siyasi səyləri nəticəsində ərsəyə gəldiyini və ötən 22 il ərzində “Əsrin müqaviləsi” çərçivəsində böyük uğurlar qazanıldığını söyləyən SOCAR prezidenti Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində bu layihənin müstəsna əhəmiyyətini qeyd edib. Layihənin uğurlarında əməliyyatçı şirkət BP başda olmaqla, xarici tərəfdaşların rolunu yüksək qiymətləndirən R.Abdullayev Azərbaycan hökumətinin bu layihəyə böyük önəm verdiyini və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunduğunu vurğulayıb. SOCAR prezidenti bu sənədin imzalanması ilə “AÇG” blokunun gələcək işlənməsi üzrə danışıqları növbəti bir neçə ay ərzində başa çatdırmaq və yeni sazişin hazırlanmasını yekunlaşdırmaq imkanı yarandığını diqqətə çatdırıb, əmin olduğunu bildirib ki, yeni layihə də uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaq. O, yeni sazişin hazırlanması istiqamətində bütün tərəfdaşlara uğurlar arzulayıb.

ABƏŞ səhmdarları adından çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “AÇG” yataqlar blokunun operatoru olaraq qazanılmış uğurlarda Azərbaycan hökumətinin və onun təmsilçisi olan SOCAR-ın dəstəyini xüsusi qeyd edib, buna görə təşəkkürünü bildirib. O deyib ki, bugünkü imzalanma “AÇG”-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir: “İnanırıq ki, bundan sonra da Azərbaycanın potensialını və təcrübəsini aparıcı texnologiyalarla birləşdirərək birlikdə bu uğurun davamlı olmasını təmin edəcəyik. Bu saziş gələcək sərmayələrə və layihələrə imkan verəcək, həmçinin özü ilə minlərlə iş yerləri gətirəcək.”

SOCAR prezidenti R.Abdullayev bütün dünyada “Əsrin müqaviləsi” kimi tanınan AÇG yatağının işlənməsi üzrə HPB Sazişinin imzalanmasının Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərə təsadüf etdiyini xatırladıb, olduqca çətin geosiyasi şəraitdə aparılan danışdıqların uğurla nəticələnməsində o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışmış Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunu vurğulayıb. SOCAR prezidenti R.Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Birrell yaranmış fürsətdən istifadə edərək, “Əsrin müqaviləsi” çərçivəsində “AÇG” blokunun işlənməsi layihəsinin bütün iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevi qarşıdan gələn ad günü münasibəti ilə təbrik ediblər.

Tədbirin sonunda SOCAR və BP-nin əməliyyatçı olduğu ABƏŞ arasında "AÇG" yataqlar blokunun 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsipləri imzalanıb.

Son xəbərlər

Orphus sistemi