ABŞ rəsmisi: "Cənub Qaz Dəhlizi layihəsinə digər mənbələrin qoşulmasını dəstəkləyirik"

ABŞ rəsmisi: "Cənub Qaz Dəhlizi layihəsinə digər mənbələrin qoşulmasını dəstəkləyirik" ABŞ Cənub Qaz Dəhlizi layihəsinə digər mənbələrin qoşulmasını dəstəkləyir.
Energetika
10 Sentyabr , 2019 11:29
ABŞ rəsmisi: Cənub Qaz Dəhlizi layihəsinə digər mənbələrin qoşulmasını dəstəkləyirik

"ABŞ Cənub Qaz Dəhlizi layihəsinə digər mənbələrin qoşulmasını dəstəkləyir".

Bunu Ostində (Texas) ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzlərinin (Foreign Press Centers) təşkil etdiyi "Enerji Təhlükəsizliyi Milli Təhlükəsizlikdir" mövzusunda keçirilən beynəlxalq turda Departamentin Enerji Ehtiyatları Bürosunda dövlət katibi köməkçisinin I müavini Kent Loqsdon "Report"a bildirib.

"Biz Azərbaycanla uzunmüddətli əməkdaşlıqdan, həmçinin Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməkdən məmnunuq. Mən bir neçə ay əvvəl Bakıya səfər etmişdim. Cənub Qaz Dəhlizinin uğurla icrasını görmək xoşdur",- o vurğulayıb.

K.Loqsdon onu da bildirib ki, ABŞ Avropanın enerji mənbələrini və nəqlini şaxələndirməyə yardım edəcək Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməyə davam edir. 

Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

İlkin mərhələdə ildə 16 mlrd.kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu həcmin 6 mlrd. kubmetri Türkiyə bazarlarına, 10 mlrd. kubmetri Avropa bazarlarına çatdırılacaq. 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyə bazarına kommersiya qazının nəqlinə başlanılıb. 2020-ci ilin əvvəlində Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. Azərbaycan qazının Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi