Bakı. 11 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilib. Nazirlikdən "Report"a verilən xəbərə görə, tədbirlər planına əsasən, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək.
Eyni zamanda, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrin keçirilməsi, xüsusi qəzetlər, bülletenlər, stendlər və guşələrin yaradılması, vətənpərvərlik mövzusunda bədii qiraət gecələrinin təşkil edilməsi də nəzərdə tutulub.
Həmçinin Bakı şəhərində və bölgələrdə şəhidlərin xatirəsinə ucaldılan abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarəti təşkil olunacaq.
Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə" əmr imzalayıb. Əmrə əsasən, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.