EOC-un baş məsləhətçisi: "I Avropa Oyunları zamanı gördüyü işə görə Azərbaycana minnətdaram"

EOC-un baş məsləhətçisi: "I Avropa Oyunları zamanı gördüyü işə görə Azərbaycana minnətdaram" "Əminəm ki, Belarus Bakıdakı səviyyəni saxlamaq üçün mümkün olan hər şeyi edəcək"
Avropa Oyunları
28 Mart , 2018 13:06
EOC-un baş məsləhətçisi: I Avropa Oyunları zamanı gördüyü işə görə Azərbaycana minnətdaram

Bakı. 28 mart. REPORT.AZ/ On iki ölkənin Milli Olimpiya komitələrinin nümayəndələri II Avropa Oyunları üçün Belarusun paytaxtı Minskə səfər ediblər.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, yaxın iki gündə Avropa Oyunlarının Təşkilat Komitəsi Belarus, Azərbaycan, Belçika, Macarıstan, Danimarka, Böyük Britaniya, Latviya, Lüksemburq, Hollandiya, Rumıniya, Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə iclaslar keçirəcək.

Nümayəndələr həmçinin yarışların baş tutacağı idman obyektləri və Atletlər Kəndindəki şəraitlə tanış olacaqlar.

II Avropa Oyunlarının Əməliyyət Komitəsinin direktoru Georgi Katulin bildirib ki, qonaqlar “Açıq qapı günləri”ndə gördüklərindən məmnun qalacaqlar: “Burada yalnız böyük idman hadisəsinə hazırlığın müxtəlif aspektlərini deyil, bizim layihəyə ciddi münasibətimizi görəcəksiniz. Səfərin yekununda sizin qiymət və şərhlərinizi bilməkdə maraqlıyıq”.

Avropa Olimpiya Komitələrinin (EOC) baş məsləhətçisi Pirs OKallaqan isə deyib ki, 2010-cu ildə Avropa Oyunlarının təşkili ideyası yaranada, bu, fantastik görünürdü: “Lakin praktika göstərdi ki, bu Oyunların təşkili nəinki mümkündür, həm də Olimpiya hərəkatında öz yerini aldı. Hər qitədə - Asiya, Afrika, Cənubi və Şimali Amerikada da Avropa Oyunlarına bənzər yarışlar keçirilir. Çox şadam ki, Avropa ərazisində belə nəhəng idman hadisəsinin təşkili üzrə ilk təcrübəmiz uğurlu alındı. Mən bütün idman ictimaiyyətinə hədiyyə etmək üçün gördüyü işə, təşkilatçılığa görə Azərbaycana minnətdaram. Əminəm ki, Belarus 2019-cu ildə Bakıdakı səviyyəni saxlamaq üçün mümkün olan hər şeyi edəcək. Yaxın günlərdə burada görülən işlərlə tanış olacaq və əminəm ki, II Avropa Oyunlarına hazırlıq məsələlərini məhsuldar müzakirə edəcəyik”.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 – 30 iyunda keçiriləcək. Oyunlarda 50 ölkənin 4 mindən çox idmançısı 15 idman növündə 200 dəst medal uğurunda mübarizə aparacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.

Son xəbərlər

Orphus sistemi