Yubileyə hazırlaşan sovet üslublu Minsk: Aqrar turizmə can atan şəhər - REPORTAJ

Yubileyə hazırlaşan sovet üslublu Minsk: Aqrar turizmə can atan şəhər - REPORTAJ Belarus Minsk 2019 II Avropa Oyunlarından sonra daha bir önəmli tədbirə hazırlaşır.
Avropa Oyunları
29 İyun , 2019 15:13
Yubileyə hazırlaşan sovet üslublu Minsk: Aqrar turizmə can atan şəhər - REPORTAJ

Belarus "Minsk 2019" II Avropa Oyunlarından sonra daha bir önəmli tədbirə hazırlaşır.

"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, iyulun 3-də Belarus Respublikasının Müstəqillik günü təntənəli şəkildə qeyd olunacaq. Artıq bu məqsədlə paytaxtın mərkəzi prospektlərindən birində portativ tribunalar qurulub, şəhər küçələri bəzədilib. Bayram günü ölkə prezidenti Aleksandr Lukaşenkonun çıxışı, hərbi parad və atəşfəşanlıq olacaq.

Amma Belarus müstəqillik gününü heç də Sovet İmperiyasından xilas olmaları ilə bağlı qeyd etmir. Əksinə, burada SSRİ-dən qalma bayram günlərinin əksəriyyəti hələ də mövcudluğunu qorumaqdadır. 1 may - Əmək bayramı, 9 may - Qələbə günü və hətta 7 noyabr - Oktyabr İnqilabı gününün ildönümləri yenə qeyri-iş günləri sayılır. Cəmi 9 belə günlərdən daha biri 8 mart - Qadınlar günü, digərləri Yeni İl və dini xarakterlidir.

Bu ölkə 3 iyulu ona görə Müstəqillik günü kimi qeyd edir ki, düz 75 il öncə - 1944-cü ilin bu günündə Belarus ərazisi alman faşistlərindən azad olunub. II Dünya müharibəsi zamanı həyata keçirilmiş Baqration əməliyyatı nəticəsində Belarus, şərqi Polşa, Baltikyanı ərazinin bir hissəsi geri alınıb, düşmən ordusunun "Mərkəz" qrupu demək olar ki, darmadağın olunub.

Doğrudan da üç il işğal altında qalmış və müharibə dəhşətlərini yaşamış ölkə üçün azadlığa qovuşmaqdan böyük hadisə ola bilməz. Elə II Avropa Oyunlarının son günlərində Minsk vilayətinin Uşa çayı yaxınlığındakı Molodeçno şəhərinə ekskursiyada bir məqsəd də döyüşlərin getdiyi əraziləri göstərməkdən ibarət idi. Müharibədən sonra faktiki yenidən qurulan Minsk şəhəri gözəl təbiətə malikdir. Burada uzun prospektlər, böyük parklar, yay günləri üçün əlverişli iqlim şəraiti mövcuddur. Səmimi və gülərüz insanlar isə şəhərin ab-havasına xüsusi rəng qatırlar.

Burada hətta Vladimir İliç Lenin və Feliks Dzerjinski kimi sovet siyasətçilərinin adlarına metro stansiyaları, küçə və prospektlər də var. Küçələrlə isə avtobuslardan əlavə, tramvay və trolleybuslar da şütüyür. İki xətdən ibarət Minsk metrosunda qatarlar da elə sovet dövründən qalmadır.

Təşkilatçılar Belarus, Rusiya, Almaniya və Azərbaycandan olan bir qrup jurnalisti şəhərdən saatyarımlıq məsafədə olan qəsəbələrdən birindəki bayram tədbiri ilə tanış etdilər. Milli geyimli kişi və qadınlar İvan Kupala bayramını canlandırdılar, müxtəlif mahnılar səsləndirdilər. Mərasimin məkanı isə Anatoli adlı yerli iş adamının ərsəyə gətirdiyi qədim üslublu taxta evlərdən birinin ərazisində idi. Bayram ənənəsinə əsasən, insanlar otluqlarla çay kənarına gəlir və başlarındakı çələngi niyyət tutaraq suya atırlar. Bu zaman yerli mətbəxin müxtəlif təamlarından dadan bayram iştirakçıları rəqs edir, əylənirlər.

Belarusun çoxsaylı belə məkanı ölkədə aqrar turizmin inkişafına da imkan verir. Buranın təbiətindəndir ki, kifayət qədər sayda uzunömürlü sakinə rast gələ bilərsən. Səfər bələdçimizin dediyinə görə, təkcə Molodeçnoda 12 uzunömürlü şəxs yaşayır. Onlardan biri - 94 yaşlı sakin də mərasimə qatılmışdı.

"Usadba" adlı obyektin sahibi Anatoli bizi "draniki" adlı milli yeməyə və içkiyə qonaq etdi, mahnı ifa etmək bacarığını göstərdi. Beləliklə, səfərimiz şən ovqatda yekunlaşdı.

Minskdə II Avropa Oyunları da bitmək üzrədir. Son günlər müşahidə olunan soyuq və yağışlı hava şəraiti heç də yerli sakinlərin ovqatını əks etdirmir. Zalları doldurmaqdansa, fan-zonalarda kütləvi gəzintiləri üstün tutduqları kimi...

Son xəbərlər

Orphus sistemi