Yeni açılan Bakı Su İdmanı Mərkəzindən - REPORTAJ

Yeni açılan Bakı Su İdmanı Mərkəzindən - REPORTAJ Arena BEGOC-a təhvil verilmək üzrədir
Avropa Oyunları
27 Aprel , 2015 14:24
Yeni açılan Bakı Su İdmanı Mərkəzindən - REPORTAJ

Bakı. 27 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi məkanlardan biri də Bakı Su İdmanı Mərkəzidir. "Report"un məlumatına görə, idman arenası yarışlar üçün hazır vəziyyətdədir. 

Obyektin açılış mərasimi aprelin 20-də keçirilib. Hazırda Mərkəzin "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinə (BEGOC) təhvil verilməsi üçün son işlər görülür. 2012-ci ilin dekabrında layihəsi hazırlanan idman qurğusunun tikintisinə 2013-cü ilin yanvarından başlanılıb. Qurğunun dizayn və arxitekturası Koreya və İspaniya şirkətləri tərəfindən işlənilib. Uzunluğu 220 metr, eni isə 150 metr olan binanın hündürlüyü 35 metrdir. Bina bütün standartlara uyğundur və azı 50 il istifadə edilə biləcək.

İdman qurğusu 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif ölçülərdə olmaqla 3 su hovuzu yerləşir. Əsas hovuz üzgüçülük və sinxron üzgüçülük üçün nəzərdə tutulub. Uzunluğu 50 metr, eni 25 metr olan hovuzda 3 200 000 litr su var. İlk mərtəbədə yerləşən digər hovuzdan isə suyatullanma zamanı istifadə ediləcək. Hovuzun kənarında 1 metr, 3 metr, 5 metr, 7.5 metr və 10 metr hündürlükdən suya tullanma platformaları quraşdırılıb. Sözügedən hovuzun uzunluğu 25 metr, eni 20 metr, dərinliyi isə 5 metrə qədərdir.

Həmin mərtəbədə məşq üçün hovuz da fəaliyyət göstərəcək ki, idmançılar hazırlıqlarını burada keçə biləcək. Məşq hovuzu 2 hissədən ibarətdir. 51,5 metr uzunluğu və 25 metr eni olan bu hovuzun kiçik hissəsinin dərinliyi dəyişkəndir. Ümumilikdə hovuzun dərinliyi 2 metrdir. 

Arenada yarışları 6000 tamaşaçı canlı izləyə biləcək. Qurğunun 2-ci və 3-cü mərtəbəsində tribunalar quraşdırılıb. Buraya həm tamaşaçılar, həm də media nümayəndələri və VİP qonaqlar daxil ola biləcəklər. Üstəlik, əlillərin yarışları izləməsi üçün xüsusi yerlər də ayrılıb.

İdman obyekti haqqında məlumat verən Avropa Oyunları Parkının baş meneceri Tom Butçer jurnalistlərə açıqlamasında binada su olmadan məşq etmək üçün yerlərin olduğunu da deyib. Onun sözlərinə görə, obyektdə spa mərkəzləri və restoranlar da fəaliyyət göstərəcək: "Bu bina müasir texnologiyalar əsasında inşa olunub. Xüsusən, bu müasirik isinmə və havalandırma sisteminə aiddir ki, burada enerjiyə qənaət sistemindən istifadə olunub".

T.Butçer bildirib ki, hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyası və Olimpiya standartlarına cavab verir. Beynəlxalq standartlara uyğun yayımın aparılması üçün obyektdə müasir işıqlandırma sistemləri quraşdırılıb.

Qeyd edək ki, I Avropa Oyunlarında Bakı Su İdmanı Mərkəzində 12 - 16 iyunda sinxron üzgüçülük, 18 - 21 iyunda suyatullanma, 23 - 27 iyunda isə üzgüçülük yarışları keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi