Yuxarı

​Xaybula Musalov: "Əsas məsələ Azərbaycan bayrağını qaldırmaqdır"

Azərbaycan himninin yalnız əvvəlini bilirəm

Bakı. 21 İyun. REPORT.AZ/ "Döyüş barədə xoş təəssüratlarım var. Hərçənd, belə qapalı döyüşən rəqiblərlə mübarizə aparmaq çətin olur. Gözləyirsən ki, üstünə gəlsin, sən də zərbə endirəsən".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015"də 75 kq çəki dərəcəsindəki 1/8 final döyüşünü qələbə ilə başa vuran Xaybula Musalov deyib.

Fransalı Kristian Mbilli Assomo-Hallieri 3:0 hesabı ilə yenən 25 yaşlı idmançı məqsədinin ən azı Azərbaycan bayrağını qaldırmaqdan ibarət olduğunu açıqlayıb:

"Özüm dağıstanlı olsam da, 2011-ci ildən Azərbaycanda çıxış edirəm. Bu ölkə mənə çox şey verib. İstər maddi, istərsə də digər anlamda...Çox sağ olsun Azərbaycan. Azərbaycan himninin yalnız əvvəlini bilirəm: Azərbaycan, Azərbaycan! Məktəbdə pis oxumuşam, ona görə də qarşıdakı günlərdə himni əzbərləyəcəyimə söz vermirəm. Bir də ki, əsas məsələ Azərbaycanın bayrağını qaldırmaq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır".

1/4 finalda qarşılaşacağı Vitali Bondarenkonu da güclü rəqib kimi dəyərləndirən Musalov onunla hələ görüşmədiyini əlavə edib.

Sonda qalib boksçu Azərbaycanı Ramazan ayı münasibətilə təbrik edib.

Qeyd edək ki, Xaybula Musalov (75 kq) Avropa Oyunlarında 1/8 final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz fransalı Kristian Mbilli Assomo-Hallier üzərində qələbə qazanıb - 3:0. Milli komandamızın üzvü 1/4 final mərhələsində Belarus təmsilçisi Vitali Bandarenko ilə qarşılaşacaq. Musalov - Bandarenko görüşü iyunun 24-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi