Yuxarı
    Bağlamaq

    ​Ukraynanın paytaxtı Kiyevdə ilk Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib

    I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, Oyunlar barədə ətraflı məlumat verilib

    Bakı. 1 iyun. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə ilk Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib. "Report" xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan bayram yürüşündə Kiyevin tanınmış “Super Barabanşiçı” (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər.

    Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.

    “Super Barabanşiçı” ansamblının iştirakı ilə bir gün sonra ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında daha bir bayram yürüşü keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub. Abidə önündə çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının məsuliyyətini dərk etməklə bir daha idman ölkəsi olduğunu sübut etdi. O qeyd edib ki, Azərbaycanda ilk Avropa Oyunları uğurla həyata keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olacaq.

    “Düşüncə” İctimai Birliyinin sədri Emil Hüseynli isə çıxışında deyib ki, Azərbaycan I Avropa Oyunlarına yüksək standartlar tətbiq etməklə hazırlaşıb: “Oyunlardan sonra ölkəmizin qüdrəti bir daha dünya ictimaiyyətinə bəlli olacaq”.

    Qeyd edək ki, ilk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi