Yuxarı

​Radik İsayev: "Azərbaycan mənə uğur qazandırdı" - MÜSAHİBƏ

Heç bir rəqiblə döyüşdən qorxmamışam

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanın taekvondo üzrə milli komandasının üzvü, Avropa və dünya çempionu Radik İsayevin "Report"a müsahibəsi:

- Rusiyanın Çelyabinsk şəhərində keçirilmiş dünya çempionatında iştirak etdiniz və qızıl medal qazandınız. Yarış haqda danışardınız...

- Çox çətin idi və həyəcanlı anlar yaşayırdım. Döyüşlərdən sonra tam rahatlaşdım, sakitləşdim. Hər dəfə döyüşə çıxanda həyəcan olur və qələbə qazanmaq istəyirsən.

- Dünya çempionatının qızıl medalı 14 ildən sonra yenidən Azərbaycana gəldi. Sonuncu dəfə 2001-ci ildə hazırda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev qızıl medal qazanmışdı. Yeni titul Sizə nə qazandırdı?

- Federasiyamız neçə ildir ki, bu medalı gözləyirdi. Nəhayət, böyük çalışmalardan sonra qızıl medalı Azərbaycana gətirə bildik. Bu, təkcə federasiyamızın deyil, Azərbaycan idmanının uğurudur. Çalışacağıq ki, bundan sonra da ölkəyə medal gətirməkdə davam edək.

- Dünya və Avropa çempionatlarında gümüş, bürünc və qızıl medal qazanmısınız. Demək olar ki, bir idmançının arzuladığı əksər medallar sizin aktivinizdədir. Başqa nə qazanmağı düşünürsünüz?

- Gənc idmançıyam və öz üzərimdə çalışıram. İstəyirəm ki, bundan da yaxşı nailiyyətlərim olsun və yenə medallar qazanım. İrəliyə doğru getmək lazımdır. Bunun üçün də ancaq çalışmalıyam.

- Dayanq üzərinə çıxarkən, hansısa rəqibdən qorxub-çəkinmisiniz?

- Xeyr, heç bir rəqiblə döyüşdən qorxmamışam. Sadəcə, dayanqa çıxanda həyəcan olur və döyüş müddətində yoxa çıxır. Bunu da bütün idmançılar yaşayır. Yenə qeyd etmək istəyirəm ki, heç bir rəqibdən zərrəcə qorxmuram.

- Keçmiş SSSR-dən cəmi 3 taekvondoçu dünya çempionu ola bilib. Onların 2-si Niyaməddin Paşayev və siz Azərbaycan, digəri isə Özbəkistan idmançısıdır. Ümumiyyətlə, podsovet məkanından uğur qazanan taekvondoçuların olmamasını nə ilə əlaqələndirirsiniz?

- Əvvəlki illərlə müqayisədə hər şey dəyişib. Bunun üçün dayandığın yerdə saymaq lazım deyil. Təbii ki, inkişafdan, uğurdan söhbət gedirsə, bunun üçün ancaq çalışmaq lazımdır. İnsan öz üzərində işləyirsə, bunun bəhrəsini mütləq görəcək.

- Dağıstanlı taekvondoçu Radik İsayevi Azərbaycan millisinə nə gətirdi?

- Buraya gəlməyimə səbəb Dağıstanda şansımın olmamasıdır. Çünki orada nə qədər çalışsam da, irəliləyiş olmurdu. Lakin Azərbaycan mənə uğur qazandırdı. Məşqlərimizi yüksək səviyyədə keçirik, turnirlərə hazırlaşırıq. Burada idmançılar üçün lazım olan bütün şərait yaradılır və nəticədə sən də gedib medal qazanırsan.

- Əvvəlcə Ələkbər İmaməliyevlə çalışırdınız, indi isə Reza Mehmandustun rəhbərliyi altındasınız. Bu iki məşqçini müqayisə edərdiniz...

- Hər birinin öz məşq üsulu var. Ələkbər İmaməliyev üzərimdə çox işləyib, əziyyət çəkib. Mən də hər məşqçidən çox şey öyrənmişəm. Biri ilə Avropa, digəri ilə dünya çempionu olmuşam. Buna görə hər iki məşqçiyə borcluyam və onlara təşəkkür edirəm.

- Artıq I Avropa Oyunlarına qısa vaxt qalıb. Yarışa hazırlıqlar necə gedir?

- Dağıstandan bir neçə gündür ki, gəlmişəm. Var gücümlə çalışıram ki, məşqçimin, özümün əziyyəti hədər getməsin. Ümid edirəm ki, bizim üçün hər şey müsbət nəticələnəcək.

- Avropadan o qədər də güclü taekvondoçu çıxmır. Əsasən, digər qitələrin idmançıları daha güclü olurlar. "Bakı 2015"də də yalnız Avropa idmançıları olacaq. Bu amil şanslarınızı artırmır?

- Avropada da zəif olmayan taekvondoçular var. Buna Fransa, Rusiya kimi ölkələri misal göstərmək olar. Azərbaycan da güclü idmançılara sahibdir. Mən isə özümü heç də rəqiblərimdən zəif hesab etmirəm.

- Avropa Oyunlarında medal qazanacağınıza inanırsınız?

- Ümid edirəm ki, bizim üçün ən yaxşısı olacaq. Hər halda yarışlar Bakıda keçiriləcək. Bizi dəstəkləyənlər, doğma divarlar da idmançılarımızın medal qazanmasında böyük rol oynayacaq. İnanıram ki, uğurlu çıxış edərək lazım olan nəticəni verəcəyik.

- Nəticələrinizə nəzər saldıqda, demək olar ki, Avropa Oyunlarında qızıl medala iddialılardan biri də sizsiniz. Başqa hansı ölkəni favorit hesab edirsiniz?

- Yalnız döyüşlərdə qalib gəldiyim zaman özümü favorit hesab edərəm. Ancaq istərdim ki, bütün döyüşlərin favoriti olum və qalib gəlim. Avropa Oyunlarına Rusiya, Fransa, İtaliya, İngiltərə və digər ölkələrdən güclü idmançılar gələcək. Bu ölkələr Bakıya əsas idmançılarını gətirir. Buna əsasən də demək olar ki, heç də asan döyüşlər olmayacaq.

- Dünya çempionatında daha çox taekvondoçu iştirak edir, Avropa Oyunlarında isə onların yalnız qitəyə aid olanları yarışacaq. Düşünmürsünüzmü ki, dünya çempionu olaraq Oyunlarda asanlıqla qələbə qazana bilərsiniz?

- Bu haqda düşünmürəm. Qələbə qazanmaq istəyirəmsə, geridə qalanları unudub, qarşıya baxmalıyam. Düzdür, dünya çempionu olmuşam, ancaq onu unudub Oyunlara tam ciddi hazırlaşmalıyam. Növbəti titul qazanmaq üçün bu, vacibdir. Çempion olaraq hər kəsi yenəcəyimi düşünsəm, heç bir nəticə qazana bilmərəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi