​Oleq Piunov: "I Avropa Oyunlarında nəticə qazanmaq üçün çalışırıq" - MÜSAHİBƏ

​Oleq Piunov: "I Avropa Oyunlarında nəticə qazanmaq üçün çalışırıq" - MÜSAHİBƏ "Bayrağımızı qaldırmaq, kürsüyə qalxmaq və ölkəmizin himnini eşitmək arzusundayam"
Avropa Oyunları
31 Mart , 2015 10:05
​Oleq Piunov: I Avropa Oyunlarında nəticə qazanmaq üçün çalışırıq - MÜSAHİBƏ

Bakı. 31 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının mümkün iştirakçılarından biri, 2014-cü ilin Dünya Kubokunda sinxron hərəkətlər üzrə bürünc medal qazanan Oleq Piunov Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına danışıb. "Report" həmin müsahibəni təqdim edir...

- Gimnastikaya gəlişiniz haqda danışardınız. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

- 2000-ci ildə, evimizin yaxınlığında batut gimnastikası üzrə bölmə açıldı. Nadinc uşaq olduğumdan, valideynlərim məni məşqlərə aparmaq qərarına gəldilər. Həmin vaxt mənim 7 yaşım vardı.

- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdiniz?

- Fikrimcə, bəli. Uşaqlıqdan futbolu və stolüstü tennisi sevirəm. Yadımdadır, eyni zamanda futbol və batut gimnastikası ilə məşğul olurdum.

- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

- Bu, axı mənim sirrimdir (gülür).

- Fikrinizcə, hər hansı idman növündə vacib olan nədir?

- Peşəkar idmanda "bu, vacibdir", "bu isə önəmli deyil" anlayışları yoxdur. Burada hər şey vacibdir. Hər şeyə fikir vermək lazımdır, başqa cür alınmır.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa, bu idman növündən asılıdır?

Hər bir idman növü təhlükəlidir, burada çox diqqətli olmaq lazımdır. Səhv təkan və ya yerə enmə idmançının səhhətinə təsir göstərə bilər.

- İdmanda kumiriniz var?

- Bəli, var. Bunlar batut gimnastikası üzrə olimpiya çempionları Aleksandr Moskalenko və İrina Karayevadır.

- Yaxın gələcək üçün idman planlarınızdan danışardınız...

- Gələcək planlarım Avropa Oyunlarıdır. Gərgin məşqlər edirik, nəticə üçün çalışırıq. Bayrağımızı qaldırmaq, kürsüyə qalxmaq və ölkəmizin himnini eşitmək arzusundayam. Öz növbəmdə, bu planımı reallaşdırmaq üçün hər şey edəcəyəm.

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsınız?

- Mən bir daha deyirəm ki, Avropa Oyunları mənim üçün birinci yerdədir, üstəlik onlar vətənimizdə keçiriləcək.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzular, məqsədləriniz var?

- Hər bir insan kimi, mənim də arzularım var. Böyük, mehriban ailə sahibi olmaq arzusundayam. Hər axşam, iş günündən sonra sakit və gözəl yerdə yerləşən rahat evdə yoldaşım və uşaqlarımla birgə olmaq istərdim. Xoşbəxtlik üçün daha nə lazımdır ki?

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsiniz?

- Təəssüflər olsun ki, bu, həmişə alınmır.

- Ailəniz haqda danışardınız...

- Dəlicəsinə valideynlərimi sevirəm və hər şeyə görə onlara minnətdaram.

- Sevdiyiniz şəxs var?

- Bəli, var.

- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Və onlardan nə eşitmək istərdiniz?

- Dəstək səsləri eşitmək istəyirəm - bu, mənə çox kömək edir. Azarkeşlərə dəstəklərinə görə minnətdaram. 

Son xəbərlər

Orphus sistemi