Yuxarı

İçərişəhərə avtomobillərin girişi məhdudlaşdırılacaq

Avropa Oyunlarının məşəli İçərişəhərə gətirilir

Bakı. 5 iyun. REPORT.AZ/ "Bakı-2015" ilk Avropa Oyunlarının məşəl səfəri iyunun 12-də keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl Bakı şəhərində, o cümlədən də İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yayıb.

Məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız Qalasında saxlanılacaq. İyunun 9-da məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmiş qədim İçərişəhərə gətiriləcək.

"Bakı-2015" məşəlinin İçərişəhərdə səyahəti 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən Qala Divarları yaxınlığında başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı Karvansaralarının yaxınlığından keçərək Qız Qalası meydanına çıxacaq.

Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək 16:50-də Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

"Bakı-2015" məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyunun 8-9-da İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. "Bakı-2015" məşəli iyunun 11-də Qız Qalasından götürülərək iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən “Sadko” limanına aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi