Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının məşəli bu gün Göygöldə alovlandırılıb. "Report" xəbər verir ki, məşəl yürüşünə rayondakı bayraq meydanından start verilib.
Estafeti basketbol üzrə idman ustalığına namizəd Təhminə Əliyeva qəbul edib. Məşəlçilər 3,3 km məsafə qət edərək Heydər Əliyev Mərkəzinədək yürüş ediblər. Yol boyu məşəlçiləri rayon ictimaiyyətinin nümayəndələri böyük coşqu ilə qarşılayıb.
Mərkəzin qarşısında 1 saylı orta məktəbin bədən tərbiyəsi müəllimi Vüqar İbrahimov məşəli alovlandırıb. Eləcə də yandırılan simvolik çıraq oyunlar yekunlaşanadək rayonda saxlanılacaq.
Qeyd edək ki, Göygölün ardınca məşəl Gəncədə yandırılacaq və Heydər Əliyev park-kompleksində yerləşən amfiteatrda alov festivalı təşkil olunacaq. Hazırda bununla bağlı Gəncə şəhərində hazırlıq işləri aparılır. Məşəl yürüşünə saat 18-də start veriləcək.