Bakı. 21 may. REPORT.AZ/ I Avropa Oyunlarının məşəli Ucar rayonundan sonra Göyçaya gətirilib. "Report" xəbər verir ki, məşəl estafetinə Mehdi Hüseynzadə küçəsindən rayonunun fəal gənci Ramil Əliyev start verib.
Məşəl estafetini izləmək üçün minlərlə rayon sakini məşəl turunun maşrut xətti boyunca küçələrə axışaraq bayram abu-havasında idmançıları dəstəkləyiblər.
I Avropa Oyunlarının məşəl estafetini ardıcıl qəbul edən idmançıları meydana toplaşan insanlar alqışlarla qarşılayıblar. Yol boyu düzülən rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə meydana gətilən məşəlin alovlandırılması mərasimi keçirilib. Doqquzuncu idmançıdan məşəli alaraq yürüş edən yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, əməkdar məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında I Avropa Oyunlarının çırağını isə taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva yandırıb. Çıraq yarışlar başa çatana qədər Heydər Əliyev Mərkəzində saxlanılması üçün Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinova təqdim olunub.
Daha sonra məşəl Ağdaş rayonuna yola salınıb.