Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Rusiya samboçuları mart ayında müəyyənləşəcək. "Report"un "rsport.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Ümumrusiya Sambo Federasiyasının prezidenti Serqey Yeliseyev açıqlama verib.
Onun sözlərinə görə, martın 7-də Sankt-Peterburqda start götürəcək sambo üzrə Rusiya çempionatının nəticəsindən asılı olaraq hansı pəhləvanların Avropa Oyunlarında iştirak edəcəyi müəyyənləşəcək. Üstəlik, 3 gün davam edəcək yarışda noyabrda Kasablankada (Mərakeş) keçiriləcək dünya çempionatına yollanacaq idmançılar da məlum olacaq.
I Avropa Oyunlarında ciddi hazırlaşdıqlarını bildirən S.Yeliseyev Rusiya çempionatında 300-dən artıq idmançının çıxış edəcəyini söyləyib.
Qeyd edək ki, I Avropa Oyunları 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək.