​I Avropa Oyunları məşəlinin Lənkəran səfəri festivalla başa çatıb

​I Avropa Oyunları məşəlinin Lənkəran səfəri festivalla başa çatıb Alov çırağı Naxçıvandan xüsusi təyyarə reysi ilə bu şəhərə gətirilib
Avropa Oyunları
30 Aprel , 2015 05:26
​I Avropa Oyunları məşəlinin Lənkəran səfəri festivalla başa çatıb

Bakı. 30 aprel. REPORT.AZ/ I Avropa Oyunları alovunun ikinci dayanacağı qədim tarixi və zəngin təbiəti ilə seçilən Lənkəran şəhəri olub. Aprelin 29-u alov çırağı Naxçıvandan xüsusi təyyarə reysi ilə bu şəhərə gətirilib.

"Report" xəbər verir ki, bu gün səhər Avropa Oyunları alovunun Lənkəranla tanışlığı şəhərin girişində məşhur samovar abidəsindən başlayıb.

Sonra məşəl məşhur Mayak və Lənkəranın şan-şöhrəti sayılan çay plantasiyalarını gəzib dolaşıb. Bu qısa səyahət şəhərin ecazkar təbiətinin nişanəsi olan palıdlı meşə zolağı və Xəzər dənizi sahillərində başa çatıb.

Azərbaycanın cənub-şərqində, Xəzər dənizinin sahilində yerləşən Lənkəran nəfis memarlıq abidələri, gözəl iqlimi və heyranedici təbiəti ilə seçilir. Subtropik zonada yerləşdiyindən çayçılıq və sitrus meyvələrinin becərilməsi Lənkaranda geniş yayılıb.

Axşam saatlarında Məşəl Estafeti Bayraq meydanında start götürdü. Dünya və Avropa çempionu Pərviz Qasımzadə (yunan-Roma güləşi), Əməkdar məşqçi Vüqar Sultanov (Taekvondo və yunan-Roma güləşi), Nazim Qulamov (boks), SSRİ idman ustası Baba Rzayev (sərbəst güləş), beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov (ağırlıqqaldırma), Əziz Quliyev (boks), Alı Ağayev (yunan-Roma güləşi), Avropa çempionatının medalçısı Elnur Hacıyev (boks), Toğrul Məmmədli (ağırlıqqaldırma), həmçinin şahmat üzrə Azərbaycan çempionu Sirus Həsənli və FİDE ustası Ceyhun Məmmədov yürüşdə iştirak etdilər. Yürüşə sonuncu qoşulan atletika üzrə məşqçi-müəllim Məlahət Tağıyeva Heydər Əliyev parkında gurultulu alqışlarla qarşılanıb.

Azərbaycan hərb tarixinin ən şanlı generallarından olmuş Səməd bəy Mehmandarov və II Dünya müharibəsinin qəhrəmanı, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun doğulub, boya-başa çatdıqları Lənkəranda, Məşəl Estafeti Alov Festivalı ilə davam edib. Tədbirin bayram ovqatı şəhər sakinlərinə xoş istirahət anları yaşadaraq, həm də Birinci Avropa Oyunları ilə yaxından tanış olmaq, hər kəsə özünü bu böyük tarixi hadisənin iştirakçısı kimi hiss etmək fürsəti qazandırdı.

Son xəbərlər

Orphus sistemi