Hidayət Heydərov: "Avropa Oyunlarında özümə əsas rəqib kimi Rüstəm Orucovu görürəm"

Hidayət Heydərov: "Avropa Oyunlarında özümə əsas rəqib kimi Rüstəm Orucovu görürəm" Komandada ab-hava yüksək səviyyədədir, təlim məşq toplanışlarımız yaxşı keçdi.
Avropa Oyunları
18 İyun , 2019 09:48
Hidayət Heydərov: Avropa Oyunlarında özümə əsas rəqib kimi Rüstəm Orucovu görürəm

"Komandada ab-hava yüksək səviyyədədir, təlim məşq toplanışlarımız yaxşı keçdi". 

Bunu "Report"a açıqlamasında "Minsk 2019" II Avropa Oyunlarına yolasalma mərasimində Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib. 73 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı idmançı bildirib ki, Belarus paytaxtındakı yarış onlar üçün həm Avropa çempionatı, həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır: "Təbii ki, bunun nə dərəcə ağır olduğunu mən və komanda yoldaşlarım yaxşı başa düşür". 

Komanda yoldaşı Rüstəm Orucovu özünə əsas rəqib kimi gördüyünü deyən Heydərov digər rəqiblərini də tanıdığını diqqətə çatdırıb: "Avropa Oyunlarında zəif rəqib olmur. Özümə ən güclü rəqib kimi Rüstəm Orucovu görürəm. İnanıram ki, finalda onunla qarşılaşacağıq və güclü olan qalib gələcək. Son Avropa çempionatlarında ardıcıl iki dəfə çempion olmuşam. Çox güman ki, beynəlxalq yarışlardakı rəqiblərim məni analiz ediblər. Düzdür, çempionluğum mənə əlavə motivasiya verir. Amma idmanda arxayınlaşmaq olmaz. Bu, Avropa Oyunlarında ilk çıxışımdır. Təbii ki qələbə qazanmaq istəyirəm. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşam. Avropa Oyunlarını da qazanmağı hədəfləmişəm". 

İstedadlı cüdoçu digər hədəflərindən də danışıb: "Yaxın vaxtlarda Ümumdünya Unversiadasi olacaq, orada da birinci olmaq istəyirəm. Gələn il isə olimpiya çempionluğunu hədəfləmişəm. İstəyirəm ki, bütün yarışları qazanıb cüdo tarixinə düşüm".

Öz növbəsində Orucov çox güclü yarışa yollandığını bildirib: "Rəqiblərimi tanıyıram. Təlim-məşq toplanışlarımız yüksək səviyyədə keçib. Bu il Yaponiya, Avstriya, Almaniya və ölkəmizdə toplanışlarımız olub. Bu, həm də Avropa çempionatı sayılır. Nəticədən asılı olaraq, boynumuza 2 medal taxılacaq. Digər tərəfdən olimpiadaya lisenziya xalı verməsi məsuliyyətimizi ikiqat artırır. Rəqiblərin hamısı güclüdür. Hərdən olur ki, zəifi də yaxşı formada gəlir və hamını təəccübləndirir".

İlk Avropa Oyunlarında yeganə medalı qazanmış Orxan Səfərov özü də daxil olmaqla, hamıdan yüksək nəticə gözlədiyini dilə gətirib. 60 kq-da yer alan 28 yaşlı idmançı "Minsk 2019"a çox yaxşı hazırlaşdıqlarını vurğulayıb: "Rəqiblər tanıdıqlarımdır. Mən onları yox, yəqin ki, onlar məni analiz ediblər. Başqa idman növlərinə baxanda bizdə əlavə məsuliyyətdi, çünki həm də lisenziya xalı var. İnanıram ki, hər şeyin öhdəsində gəlib xalqımızı sevindirəcəyik". 

"Rəqibləri analiz etmişəm, toplanışlarımız da çox yaxşı keçib. Federasiya bizə gözəl şərait yaradıb, müəllimlər də sağ olsunlar üzərimizdə çox yaxşı işləyiblər". Bunu isə eyni çəkidə yer alan Kəramət Hüseynov deyib. Gənc cüdoçu 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında medal qazanmaq üçün bəxtinin gətirmədiyini xatırladıb. O, "Minsk 2019"a kifayət qədər yaxşı hazırlaşdığını vurğulayıb: "Bu, mənim Avropa Oyunlarında ilk çıxışımdır. Təbii ki, bunun məsuliyyətinin dərk edərək, var gücümü qoyacağam ki, qızıl medal qazanım".

Yığmanın böyük məşqçisi, dünya çempionu Elxan Məmmədov isə bildirib ki, Azərbaycanın nəinki Avropa, hətta dünyada sözünü deyə biləcək cüdoçuları var. O, komandanın hər bir üzvündən medal gözlədiklərini söyləyib: "Hazırlığımız yanvardan başlayıb. Komandamız sonuncu dəfə Zaqulbada təlim məşq toplanışında idi. Heyətimizin hər bir üzvündən nəticə gözləyə bilərik. Bu turniri bizim üçün ikili yarış kimi də səciyyələndirmək olar. Çünki Avropa Oyunlarında cüdo yarışları həm də Avropa çempionatı sayılır. Ona görə də bizim üçün çox çətin olacaq. Lakin komandamızda ab-hava çox yaxşıdır. Uşaqlar həvəslə hazırlaşıblar. Özümüzə əsas rəqib ölkələr Rusiya, Gürcüstan, Fransa və Almaniyadır. Oyunlara tam heyətlə yollanırıq. Komandamızın hər bir üzvü dünya reytinqində olan idmançılardır". 

Qeyd edək ki, "Minsk 2019"da cüdo yarışlarına iyunun 22-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi