Müğənni Tünzalə Ağayevanın birinci Avropa Oyunlarına həsr olunan konserti keçirilib - FOTO

Müğənni Tünzalə Ağayevanın birinci Avropa Oyunlarına həsr olunan konserti keçirilib - FOTO Əməkdar artist konsertin təşkilində onu dəstəkləyən Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib
Avropa Oyunları
1 İyun , 2015 02:18
Müğənni Tünzalə Ağayevanın birinci Avropa Oyunlarına həsr olunan konserti keçirilib - FOTO

Bakı. 1 İyun. REPORT.AZ/ Mayın 31-də Heydər Əliyev Mərkəzində əməkdar artist, “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva “Xoş gəldin” adlı konsert proqramı ilə çıxış edib. İfaçını “Hicaz” qrupu müşayiət edib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, əməkdar artist bu proqramla dünya idman tarixində yeni səhifə açacaq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini alqışlayıb, mötəbər yarışın iştirakçılarını və izləyicilərini öz mahnıları ilə salamlayıb.

Tünzalə Ağayeva birinci Avropa Oyunlarına həsr olunan konsertin təşkilində onu dəstəkləyən Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib və belə bir məkanda iki gün solo çıxış edəcəyindən qürur duyduğunu deyib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi ölkələr və xalqlar arasında dialoq məkanı olmaqla yanaşı, idman sahəsinin inkişafına xidmət edən layihələrə də dəstək verir. Tünzalə Ağayeva məhz Heydər Əliyev Mərkəzinin səhnəsindən insanları bu yarışda şövqlə iştirak etməyə səsləyib, Avropa Oyunlarının həyəcanına bayram ovqatı qatıb.

Müğənni konsertdə populyar mahnılarının yeni variantlarını, həmçinin dünyada məşhur olan kompozisiyaları, birinci Avropa Oyunlarına həsr edilən “Bakının üzü gülür” mahnısını səsləndirib.

Müğənninin konsertə “Hədiyyə” mahnısı ilə başlaması təsadüfi olmayıb. Bu mahnının ifasından sonra o deyib: “Sənətçinin həyatında tamaşaçı onun ən böyük hədiyyəsidir. Siz mənə qol-qanad verirsiniz. Mən özümü başqa həyatda təsəvvür etmirəm. Bu sevgini sizə borcluyam. Ən böyük hədiyyəm sizsiniz, əziz tamaşaçılar”.

Xatırladaq ki, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınmışdı. Bu məqamı xatırlayan müğənni həlak olanların ailələrinə başsağlığı verib və onlara səbir diləyib. Daha sonra T.Ağayeva dahi Hüseyn Cavidin sözlərinə bəstələnmiş “Gülbahar” mahnısını ifa edib.

Konsertin maraqlı məqamlarından biri də Tünzalə Ağayeva ilə birlikdə məşhur türk gitaraçı Özgür Abbakın xüsusi ifası olub.

Sonda əməkdar artist “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan “Bakının üzü gülür” mahnısını səsləndirib. Müğənninin bu ifası tamaşaçıların xüsusi alqışları ilə qarşılanıb.

Konsertdən sonra təəssüratlarını jurnalistlərlə bölüşən T.Ağayeva deyib: “Heydər Əliyev Mərkəzi kimi möhtəşəm məkanda konsert proqramı ilə çıxış etməyi çoxdan arzulayırdım. Mərkəzin konsert salonuna heyran olmuşdum. Bu salonun mükəmməl akustikası var. İnanıram ki, tamaşaçılar zövq ala bildilər. Konsertin gözəlliyi, şübhəsiz ki, onun tamaşaçılarıdır.

Bu konsert birinci Avropa Oyunlarına həsr olunub. Çox xoşbəxtəm ki, bu şans mənə nəsib oldu və bundan iki gün istifadə edəcəyəm. Bakıda ilk Avropa Oyunlarının keçirilməsi tarixi hadisədir. Səhnədən insanlara demək istəyirəm ki, gəlin bu tarixi hadisəni lazımi şəkildə dəyərləndirək. Azərbaycan yeni möhtəşəm bir idman layihəsinə imza atır. Bu, qürur doğuran hadisədir. İdmançılarımıza uğurlar arzulayıram. Mahnıda deyildiyi kimi, “Bakının üzü gülsün”.

Qeyd edək ki, T.Ağayevanın “Xoş gəldin” adlı konsert proqramı Heydər Əliyev Mərkəzində iyunun 1-də də təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi